Polşa Belarus sərhədindəki əsgərlərin sayını 10 minə çatdıracaq
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Polşanın Müdafiə naziri Mariuş Blaşak Belarusla sərhəddəki hərbçilərin sayını 10 min nəfərə çatdırmağı planlaşdırdıqlarını bəyan edib.
Polşanın dövlət radiosuna müsahibə verən Blaşak hərbçilərin sayının 2021-ci ildəkinə çatdırılacağını söyləyərək deyib: “Təqribən 10 min nəfər əsgər olacaq. Onlardan 4 min nəfəri sərhəd mühafizəsini dəstəkləyəcək. Qalan 6 min nəfəri isə gözləmə mövqeyində olacaq. Bu əsgərlər ölkəmizin şərqində yenidən qurulan qarnizonlarda peşəkarlıqlarını yüksəldəcəklər”.
Hazırda Belarusla sərhədi 2000 polşalı əsgər qoruyur.
Belarusla sərhədi möhkəmləndirmək Belarus vasitəsi ilə Avropaya keçmək istəyən köçkün dalğasından və hazırda həmin ölkədə yerləşdirilmiş “Vaqner” özəl hərbi şirkətinin muzdlularından müdafiə məqsədi güdür.
Hürr Tərcüman