Polşa prezidenti Anjey Duda: Ukraynada müharibəyə səbəb olanlar cəzalandırılmalıdır
Rusiyanın Ukraynadakı cinayətləri soyqırım əlamətləri daşıyır və müharibəyə səbəb olanlar beynəlxalq tribunallarda cəzalandırılmalıdır. “Ukrinform” xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda videomüraciətində bildirib.
"Bütün Ukrayna kimi Kiyev də azad dünya üçün mühüm olan ümumi dəyərlərimizin, azadlığın, suverenliyin və demokratiyanın müdafiəsinin simvoluna çevrilib. Artıq bir həftədir ki, Ukrayna işğalçılara qarşı müqavimət göstərir, bunun üçün ən yüksək qiyməti ödəyir. Hücumlar yaşayış binalarına, məktəblərə və xəstəxanalara edilir, rus qoşunlarının çoxsaylı hücumlarında soyqırım əlamətləri var. İnanıram ki, onlar cəzasız qalmayacaqlar və günahkarlar buna görə beynəlxalq tribunallarda cavab verəcəklər”, deyə Duda açıqlama verib.
O xatırladıb ki, Qərb artıq Polşanın təşəbbüsü ilə işğalçıya qarşı sanksiyaları dəstəkləyib.
“Biz Aİ-yə üzv olmaq cəhdlərində Ukraynanın müdafiəçisiyik”, deyə Duda bildirib. Polşa lideri onu da əlavə edib ki, ölkəsi artıq Ukraynadan 500 mindən çox qaçqını qəbul edib.
Ülviyyə, Hurriyyet.az