📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Polşa və digər müttəfiqlər Ukraynaya dəstəyi gücləndirməlidirlər" - KƏNAN NOVRUZOV

2023-04-04 13:31:00

"Andjey Duda yaxşı başa düşür ki, Ukrayna məğlub olsa, Rusiyanın növbəti hədəflərindən biri Polşa ola bilər"

"Ukrayna prezidenti Volodimir Zelenski sabah, apelin 5-də Polşaya səfər edəcək. Onun həmkarı Andjey Duda ilə görüşəcəyi gözlənilir. Tərəflər sonuncu dəfə bir neçə ay əvvəl Ukraynada bir araya gəlmişdilər. Məlumdur ki, müharibədə Ukraynaya ən çox dəstək olan ölkələrdən biri Polşadır. Bunun əsas səbəblərindən biri də şübhəsiz ki, rəsmi Varşavanın təhlükəslik qayğısıdır". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.

Ekspertin sözlərinə görə, Andjey Duda yaxşı başa düşür ki, Ukrayna məğlub olsa, Rusiyanın növbəti hədəflərindən biri Polşa ola bilər: "Səfər ərəfəsində, dünən Polşanın bir neçə MiQ-29 qırıcısının Ukraynaya təhvil verildiyi açıqlandı. Yəqin ki, bu proses gələcəkdə də davam edəcək. Polşanın Ukraynaya silah tədarükünün intensivləşəcəyi gözləniləndir. Görüş zamanı bu barədə razılıqların əldə olunması mümkündür. Savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, yəqin ki, döyüşlər hələ uzun çəkəcək. Bu isə o deməkdir ki, Polşa və digər müttəfiqlər Ukraynaya dəstəyi səngitməməli, əksinə, gücləndirməlidirlər".

Kənan Novruzov əlavə edib ki, qarşılıqlı təmasların, o cümlədən səfərlərin davam etməsi, həm də Rusiyaya mesajdır: "Müttəfiqlər, beləliklə, Kremlə həmrəyliklərinə dair ismarış verir, birliklərinin zəifləmədiyini göstərmək istəyirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az