"Postmünaqişə dövrü üçün hazırkı format daha məqbuldur, nəinki həmsədrlik" - MÜBARİZ GÖYÜŞLÜ
"Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, sülh müqviləsi üçün işçi qrupunun yaradılması prosesi bu formatla belə normal şəkildə gedir, o zaman həmsədrliyə həqiqətən də gərək qalmır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan, lakin problemin həllindən başqa bütün digər işlərlə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti hər zaman narazılıqla qarşılanırdı. 30 il ərzində münaqişəni həll etməklə deyil, onu saxlamaqla və problemi uzatmaqla məşğul olan həmsədrlər, onların təmsil etdikləri dövlətlər sülh əldə olunması üçün heç bir iş görmədilər. Onların bölgəyə səfərləri artıq turist səfərini xatırladırdı". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Siyasi şərhçi qeyd edib ki, münaqişə Azərbaycanın, onun ordusunun müdaxiləsi nəticəsində həll olunduqdan sonra ATƏT-in Minsk Qrupunun hansı işlə məşğul olacağı sual doğururdu: "Məhz buna görə də prezident İlham Əliyev 44 günlük müharibədən sonra həmsədrlərlə görüşdə çox sərt çıxış etmişdi. Dövlət başçısının çıxışından belə anlaşılırdı ki, artıq Minsk Qrupuna heç bir ehtiyac qalmayıb. Əgər gələcəkdə qrup qalacaqsa o zaman onların sülh müqaviləsinin hazırlanması və sərhədlərin müəyyənləşdirilməsilə məşğul olması məsləhətdir. Həmin vaxt Azərbaycanın bu təklifini nə həmsədr dövlətlər, nə də Ermənistan tərəfi qəbul etmişdi".
Zamanın hər şeyi yoluna qoyduğunu deyən Mübariz Göyüşlünün sözlərinə görə, artıq bölgəyə ATƏT-in Minsk Qrupu formatında səfərlər yox, ABŞ, Rusiya, Fransanın xüsusi nümayəndələri statusunda diplomatlar səfərlər edirlər: "Düzdür bu durumun yaranmasında Rusiyanın Ukraynaya hərbi təcavüzü və adlçəkilən ölkələr arasında gərginliyin yaranması da rol oynayıb. Amma Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni geosiyasi reallıqlar da bu situasiyanın yaranmasına təsirini göstərib. Yeni siyasi reallıqlar isə belədir. ATƏT-in Minsk Qrupu yoxdur. Əvəzində isə aşağıdakı format var: Rusiya XİN-in xüsusi nümayəndəsi, Fransa XİN-in Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə səfiri, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri. Vəziyyət bu şəkildə davam edərsə ATƏT-in Minsk Qrupu formatının "cəhənnəmə getdi"yini söyləmək mümkündür. Postmünaqişə dövrü üçün isə hazırkı format daha məqbuldur, nəinki həmsədrlik. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, sülh müqviləsi üçün işçi qrupunun yaradılması prosesi bu formatla belə normal şəkildə gedir, o zaman həmsədrliyə həqiqətən də gərək qalmır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az