📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident İlham Əliyev: "Yaxın gələcəkdə Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yarana bilər"

2022-02-24 15:22:00

Prezident İlham Əliyev:

Yaxın gələcəkdə Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yarana bilər. Bunu Azərbaycan prezidenti İlham Əliyev bir gün əvvəl "TASS"ın baş redaktorlar klubunda Rusiya KİV rəhbərləri ilə görüşündə deyib.
“Və yəqin heç kimə sirr deyil ki, artıq de-fakto və üçtərəfli əməkdaşlıq formatı formalaşır. Bu hələ rəsmiləşdirilməyib, xarici işlər nazirlərinin, hətta prezidentlərin də görüşləri olmayıb, amma formalaşır. O, ümumi maraqlar, praqmatizm və uyğunluq əsasında formalaşır”.
Əliyev üç ölkənin sadiq olduqları idarəetmə sistemlərinin və dəyərlərin ümumi xüsusiyyətlərini qeyd edib. Bu xüsusda o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında etimad münasibətlərini məmnunluqla qeyd edib. "Onlar hər ikisi bu haqda açıq danışır. Düşünürəm ki, bu münasibətləri rəsmiləşdirəcəyimiz gün uzaqda deyil. Azərbaycan Rusiya və Türkiyənin müttəfiqi olduğu üçün, belə görünür ki, növbəti addım gəlməkdədir. Bu iş bizlik deyil, lakin biz öz tərəfimizdən hər zaman çalışmışıq ki, iki ölkənin maraqları bir-birinə yaxınlaşsın”, deyə prezident vurğulayıb.
Əliyev çərşənbə axşamı imzalanmış Rusiya-Azərbaycan Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsini tarixi nailiyyət adlandırıb. “Çünki Azərbaycanın iki böyük ölkə ilə, iki qonşu ilə müttəfiqlik münasibətləri var. Məncə, heç bir başqa ölkə bununla öyünə bilməz. Mən hələ NATO üzvü olan ölkə və KTMT rəhbəri olan ölkə ilə birgə münasibəti demirəm. Bu, əslində nailiyyətdir”, deyə o bildirib.

Ülviyyə, Hurriyyet.az