📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PREZİDENT RAUF VƏLİYEVİ VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə Cəlilov təyin olundu + DOSYE

2026-01-16 18:43:06

PREZİDENT RAUF VƏLİYEVİ VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə Cəlilov təyin olundu + DOSYE

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

Hurriyyet.az "AzPolitika" - a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədr təyin edilib.

O, indiyə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin (İH) sədr müavini, bundan əvvəl isə nazirliyə məxsus "Azərpoçt" MMC-nin İH sədri vəzifəsində işləyib.

Qeyd edək ki, Əfqan Cəlilov 29 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.

1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

Vəzifədən azad olunan  Rauf  Vəliyev isə 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləyib. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf  Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Ailəlidir, iki övladı var.

Elman