Prezidentdən YAP-çılara İLGİNC tapşırıq
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Musavat.com yada salır ki, bu sözləri ötən həftə prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
“Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün.
Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”, - dövlət başçısı qeyd edib.
Prezident böyrümüzdəki dedikdə hansı qonşu ölkəni nəzərdə tutub? Bəs YAP-çılar qarşısında qoyulan məsuliyyət nədən ibarətdir?

Hakim partiyadan deputat Elman Nəsirov Musavat.com-a deyib ki, prezidentin qurultaydakı çıxışı proqram xarakterli idi və strateji əhəmiyyətli tezisləri özündə ehtiva edirdi. Onun sözlərinə görə, bu tezislərdən biri də ölkəmizə qarşı yönələn ideoloji təxribatlarla bağlıdır.
“Cənab prezident vurğuladı ki, Azərbaycanın daxilində dövlətçiliyimiz üçün heç bir təhdid yoxdur. Təhdidlər xaricdən gəlir, xarici mənşəlidir və fiziki, eləcə də ideoloji xarakter daşıyır. Fiziki təhdidlərlə bağlı sərhədlərimiz güclüdür, biz istənilən təhdidin qarşısını almaq gücündəyik və müvafiq potensiala malikik. Lakin ideoloji təhdidlər sərhəd tanımır. Xüsusilə indiki internet əsrindəki hücumlar reallığında və süni intellektin mövcudluğu, inkişafı şəraitində ideoloji təxribatlar üçün münbit şərait yaranır. Biz bunun fərqindəyik”,_ deyə deputat vurğulayıb.
Elman Nəsirov hesab edir ki, hər hansı bir ölkədə Azərbaycan dilində bir platforma yaradılırsa, bu, heç də onun ölkəmizin xeyrinə fəaliyyət göstərməsi anlamına gəlmir: “Onların niyyəti ancaq təxribat törətmək, Azərbaycan cəmiyyətinə mənfi təsir göstərmək, gənclərin beynini yumaq, ölkədə vətəndaş həmrəyliyini pozmaq və vətəndaş itaətsizliyi yaratmaqdır. Ona görə prezident bildirdi ki, böyrümüzdə gecə-gündüz anti-Azərbaycan təbliğatı aparılır. Avropa ölkələrində də belə platformalar formalaşır və ölkəmizə qarşı gecə-gündüz iş aparırlar”.
Onun fikrincə, mübarizəmizi keyfiyyətcə yeni mərhələyə keçirməliyik və bu prosesdə, şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin üzərinə böyük məsuliyyət düşür.

Deputat Vüqar Rəhimzadə də çıxışında qeyd edib ki, hərbi gücümüzün artırılması əsas prioritetlərdəndir: “Prezident İlham Əliyev bunu şərtləndirən amillərdən, həmçinin təhlükəsizlik tədbirlərindən, ideoloji təhlükəsizliyin təmin edilməsindən, YAP fəallarının ideoloji işin aparılmasında iştirakından, xarici siyasət uğurlarımızdan, hazırkı dövrün reallıqlarına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycanın iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs etdi. Təbii ki, qeyd edilən istiqamətlərin hər biri ayrı-ayrılıqda bir yazının mövzusudur. Hər dövrün öz tələbi, çağırışı olduğunu, onların həyata keçirilməsində müasir yenilikdən istifadə etməyin vacibliyi qurultayda xüsusi vurğulandı. Dövlət başçısı bildirdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində çatsın”.