📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentə telefon zəngləri gəlməkdə davam edir

2026-03-05 20:14:13

Prezidentə telefon zəngləri gəlməkdə davam edir

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

*** 18:55

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.

Dövlətimizin başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür edib.

Prezident İlham Əliyev İranın BƏƏ-yə raketlərlə və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və fevralın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə telefon danışığında qeyd etdiyi kimi, ölkəmizin BƏƏ-nin yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.