Prezidentin adından verilən “200 manat hədiyyəni” almaq istədi, külli miqdarda zərərə düşdü – İMİŞLİ SAKİNİ DƏLƏDUZLUĞA MƏRUZ QALIB
İmişli rayonu, Oruclu kənd sakini Aslanov Dağıstan Sefulla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi təqdim olunub. O, bildirir ki, 22 may tarixində sosial şəbəkədə Prezident İlham Əliyevin vətəndaşlara 200 manat məbləğində hədiyyə verməsini elan etdiyi videonu görüb. Deyir, görüntülərin saxta olduğunu anlaya bilməyib. Elə məsələ də bundan sonra başlayıb. Təqdim edilən linkə daxil olub, kart məlumatlarını yazıb və balansından 730 manat civarında pul çəkilib.
Aslanov Dağıstan Sefulla oğlu iddia edir ki, “Kapital Bank”ın "196" müştəri xidmətinə zəng vurub, açmayıblar. Bu dəfə hesabına 4.873 manat kredit daxil olub. O, "Whatsapp" vasitəsilə kredit istəmədiyini bildirib. Qarşı tərəf bunun ləğv olunması üçün şikayətçidən ona gələn kodu tələb edib. Vətəndaş kodu dedikdən sonra sözügedən kredit məbləği kartdan çıxılıb.
Şikayətçi iddia edir ki, dələduzluq nəticəsində heç bir pul vəsaiti onun hesabına geri qayıtmayıb:
“Mən, Aslanov Dağıstan Sefulla oğlu, yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, “TikTok” platformasında cənab Prezidentimizin çıxış etdiyi video qarşıma çıxdı. Ölkə başçısı deyirdi ki, “Telegram”dakı “Kapital Bank” səhifəmizə daxil olun, oradakı linkə keçid edin, hər vətəndaşı 200 AZN pul mükafatı gözləyir.
Mən də cənab Prezdentimizə güvəndim, onun çıxış etdiyi videoda yalan və aldatma olmayacağına inandım. Onun dediyi qaydada linkə daxil oldum, məndən kart məlumatlarımı istədi. Məlumatları yazdıqdan sonra maaş kartımdan 100 manat çıxardıb 630 manat məbləğin olduğu “Birbank” hesabıma yönləndirdi. Hamısı birlikdə 730 manat etdi və həmin miqdarı çəkdilər. Daha sonra “Kapital Bank”ın “196” zəng xidmətinə dəfələrlə zəng etdim, müraciətimi qəbul etmədilər.
Gördüm ki, kartıma 4873 manat məbləğində kredit köçürüldü. “Kapital Bank” tərəfindən “Whatsapp” vasitəsilə mesaj gəldi ki, sizin kredit prosesiniz tamamlanmadı, istəsəniz, bizə müraciət edin. Mən o krediti istəmədiyimi bildirdim, geri qaytarılmasını tələb etdim. Cavab gəldi ki, sizə kod göndəriləcək, onu deyin, kredit ləğv olsun. Kodu dedim və pul kartımdan çıxdı.
Bir neçə dəqiqə sonra yazıldı ki, 24 saat ərzində sizin 200 AZN bonusunuz kartınıza oturacaq. Pulumun nə vaxt geri qayıdacağını soruşdum. 1 sutka ərzində hədiyyə kimi vəd edilən məbləğ, yəni 200 manatla birlikdə mənim pulumun hesabıma qayıdacağını söylədi. Sonu "33 14" olan kart hesabı mənimdir, "96 41" isə "Kapital Bank"dan kiminsə hesabıdır. Kredit kimi yüklənən vəsait kartımdan çıxdıqdan sonra “196” xidmətinə yenidən zəng vurdum. Açıb dələduzluğa məruz qaldığımı izah etdilər və hüquq mühafizə orqanlarna müraciət etməyimi məsləhət gördülər”.
Aslanov Dağıstan Sefulla oğlu 1aydır ki, bankın İmişli filialının məsələni həll etmədiyini vurğulayır:
“Mayın 23-ü İmişli Rayon Polis Şöbəsinə yaxınlaşıb ərizə yazdım. Məndən bankın kredit çıxarışını istədilər. “Kapital Bank”ın “196” xidmətinə zəng vurduqda çıxarışımın sistemdə olduğunu dedilər. “Kapital Bank”ın İmişli filialı mənə çıxarış vermədi. Ayın 24-ü yenə gedib tələb etdim, məcbur verdilər.
Çıxarışımı və sübutları İmişli Rayon Polis Şöbəsinin müstəntiqi İlqar Əhədova təqdim etdim. Bütün sənədlər toplanılıb 6 iyun tarixində “Kapital Bank”ın Baş İdarəsinə göndərildi. 1 ay müddətində cavablanacağını dedilər. Artıq uzun bir vaxt keçib, müstəntiq deyir ki, bank tərəfindən heç bir bildiriş gəlməyib. Bilmirəm, nə edim. Hazırda çox çıxılmaz bir vəziyyətdəyəm”.
Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov bildirir ki, Aslanov Dağıstan Sefulla oğlu belə vəziyyətdə heç nə edə bilməz:
“Bu, vətəndaşın özünün səhvidir. Bank da yaxşı olardı ki, insanlara izah etsin, maarifləndirmə işləri aparsın. Belə hadisə son zamanlarda geniş yayılıb. Bu cür fırıldaqçılıq məsələlərində tək “Kapital Bank”ın adı hallanmır, Beynəlxalq Bank olsun, o birisi, bu birisi, fərq etməz, çoxunu görə bilərik. Insanlar sosial şəbəkələrə daxil olurlar, kimsə orada yalan nələrsə yazır, inananlar da şəxsi məlumatlarını qeyd edirlər. Vəssalam! Heç nəyi yoxlamırlar da. Heç olmasa, bankın saytına baxın da. Bu pullar çıxır, xaricə gedir. “Kapital Bank” bunu heç cür geri ala bilməz. Beynəlxalq dələduzlardır, xakerlərdir. Mən özüm də bu mövzu barəsində dəfələrlə yazmışam. Gəlin, insanları maarifləndirək. Sosial platformlarda nə reklam olunursa, bunlar boş şeydir. Ona görə də, artıq sözügedən şəxs pulu geri gələ bilməz”.
Hurriyyet.az-ın əməkdaşı məsələ ilə bağlı “Kapital Bank”la da əlaqə saxlayıb. Bankın redaksiyamıza yazılı cavabını olduğu kimi dərc edirik:
“Dağıstan Aslanovun şikayəti tərəfimizdən araşdırıldı. Məlum oldu ki, bank tərəfindən göndərilən OTP kod və 3D təhlükəsizlik kodu müştəri tərəfindən dələduza verildiyindən, əməliyyat cihaz dəyişilərək icra edilib. Bank tərəfindən bütün zəruri tədbirlər görülüb. Araşdırmadan o da bəlli olub ki, köçürmə ölkədaxili həyata keçirilib. Müştəri bu halda hüquq mühafizə orqanlarına müraciət edə bilər.
Müştərilərimizə bir daha bildirmək istəyirik ki, yalnız Kapitalbank.az saytında və bankımızın təsdiq olunan rəsmi sosial şəbəkə hesablarında paylaşılan məlumatlara güvənsinlər. Eyni zamanda, müştərilərimizdən etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, “Kapital Bank” adına hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.
Cəmilə ƏZİMOVA
Hurriyyet.az






