📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Prezidentin reytinqi olduqca yüksəkdir və ona qarşı hər hansı ciddi rəqibin olması düşünülə bilməz" - FƏRHAD MEHDİYEV

2023-12-12 13:46:07

"Növbədənkənar prezident seçkilərinin səbəbinin də daha dəqiq anlaşılması yenə müəyyən müddət sonra baş verəcəkdir"

"Növbədənkənar prezident seçkilərinin ehtimal olunan səbəbləri ayrı və bu seçkiləri müşayiət edən hallar da ayrıdır. Halları səbəblərə qatmayaq. Digər tərəfdən, "yuxarıdan" sızan dəqiq məlumat olmadıqdan sonra dediklərimiz ehtimallardan o tərəfə keçmir. Hazırda prezident İlham Əliyevin reytinqi olduqca yüksəkdir və ona qarşı hər hansı ciddi rəqibin olması düşünülə bilməz". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev qeyd edib.

Politoloq hesab edir ki, ölkədə hansısa siyasətçinin reytinqi hazırki prezidentin reytinqi ilə nəinki yarışa bilmir, hətta seçicilərin 20 faiz səsinin toplaya biləcəyi də inandırıcı görünmür: "Lakin bu, o demək deyil ki, növbədənkənar seçkilərin keçirilməsi səbəbi prezidentin yüksək reytinqidir. Regionda ciddi konyektur və geosiyasi dəyişikliklərin olması ehtimal daxilindədir və Azərbaycan prezidenti beynəlxalq aktorlarla danışıqlar masasında daha güclü bir backgrounda oturmaq istəyir - daha yuxarı faizlə xalq dəstəyi və daha uzun müddətlik (7 il) xalqı təmsil etmə hüququ. Oktyabr 2020-ci ildə anladıq ki, növbədənkənar parlament seçkilərinin səbəbi nə imiş. Növbədənkənar prezident seçkilərinin səbəbinin də daha dəqiq anlaşılması yenə müəyyən müddət sonra baş verəcəkdir. Hər halda mart 2024-də Putinin hakimiyyətdən getməsi gözlənilmir, istisna hal odur ki, öz istəyi ilə vəzifəni başqasına ötürməsə. Habelə, istisna edilmir ki, növbədənkənar prezident seçkilərindən sonra 2025-ci ilin noyabr ayı gəlmədən növbədənkənar parlament seçkiləri keçirilsin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az