Prezidentin Şuşada “Euronews”a verdiyi müsahibənin - Videosu
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib.
Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.
Hurriyyet.az müsahibənin geniş variantını təqdim edir.
Müxbir: Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub. Bununla belə, 2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?
Prezident İlham Əliyev: Demək çətindir. Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.
Müxbir: Elə mən də onu soruşmaq istəyirdim. Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Siz bu yaxınlarda Brüsseldən qayıtmısınız. Sülh danışıqlarının növbəti raundu keçirildi. Bir çox insan tərəfindən bu danışıqlar Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə aparan ümid kimi qarşılandı. Ən sonuncu raunddan sonra ümidli olmaq bizim tərəfdən düzgün olardımı?
Prezident İlham Əliyev: Bəli, ümidli olmaq düzgün məsələdir. Lakin deməliyəm ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir.