📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin xüsusi nümayəndəsindən Qarabağla bağlı ÖZƏL AÇIQLAMALAR

2026-10-05 20:19:44

Prezidentin xüsusi nümayəndəsindən Qarabağla bağlı ÖZƏL AÇIQLAMALAR

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Musavat.com-un Ağdama ezam olunmuş müxbirinə özəl açıqlamalar verib.

- Emin bəy, qarşıdan qış fəsli gəlir. Ağdam, Füzuli və Xocavənd rayonlarında artıq köç etmiş əhali üçün hansı şərait yaradılıb?

- Ağdam, Füzuli, Xocavənd rayonlarında dövlətimiz tərəfindən yüksək səviyyədə təchiz olunmuş yaşayış kompleksləri inşa edilib. Azərbaycanda digər ərazilərdə tikilmiş çoxmənzilli binalardan fərqli olaraq, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Ağdamda evlərin hamısı istilik izolyasiyası ilə tikilir. Yeni standartlara əsasən, artıq bütün evlər tam istilik izolyasiyası, eyni zamanda mərkəzi istilik sistemi ilə təmin olunur. İlk dəfə olaraq məhz Ağdamda bu yaxınlarda onun tətbiqinə başlayacağıq, bu, sərfiyyat üzərindən sayğaclanan istilik sistemidir. Yəni işıq, qaz, suda olduğu kimi, istilik də məhz sayğacla ölçüləcək ki, bu, Azərbaycanda bir ilkdir və məhz işğaldan azad olunmuş ərazilərdə, cənab Prezidentin "yaşıl zona" elan etdiyi Qarabağ bölgəsində tətbiq olunur.  İlk olaraq bunu Ağdamda tətbiq edəcəyik. Digər ərazilərimizdə də bunun tətbiqi nəzərdə tutulub. Eyni zamanda kəndlərdə tikilən fərdi evlərin hər biri izolyasiya olunur. Paralel olaraq fərdi istilik sistemləri (kombi) tətbiq olunur. Bundan əlavə, hər bir evdə bərpaolunan enerji mənbəyi olaraq evlərin damlarında quraşdırılmış günəş panelləri əlavə 3 kilovat həcmində elektrik enerjisinin hasilatına imkan yaradır ki, bu da son nəticədə sakinin elektrik enerjisinə çəkdiyi xərcə təxminən 30%-ə qədər qənaət etməyə imkan verəcək. Hesab edirəm ki, Azərbaycanda heç bir yerdə olmayan şərait məhz işğaldan azad olunmuş ərazilərdə mövcuddur.

- Bu gün siz Ağdam Sənaye Parkından danışdınız, maraqlıdır, digər rayonlarda da sənaye parklarının yaradılması gündəlikdədirmi? Xarici investorların cəlbi ilə bağlı nə deyə bilərsiniz?

- Baş planı təsdiq olunmuş hər bir rayonda xüsusi işgüzar zonalar, sənaye zonaları müəyyən olunub. Füzulidə də, digər yerlərdə də var. Sadəcə olaraq investorların cəlb olunması üçün zəruri infrastruktur layihələri yekunlaşmalıdır. Proses gedir. Bu layihələr icra olunmaqdadır. Artıq Füzuli şəhərində həmin sənaye zonasına daxili yollar layihəsinin tərkib hissəsi olaraq yol da çəkilir. Bu layihələr bitdikcə investorlar da çox rahat şəkildə gəlib iştirak edə biləcəklər.