Priqojinin milyardları və qızılları özünə qaytarıldı – “Vaqner” rəhbəri təhvil-təslimə sürücüsünü göndərib
““Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinə məxsus ofislərdə aparılan axtarışlar zamanı ələ keçirilən pul və qızıllar ona geri qaytarılıb”.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri özəl mənbələrinə istinadla xəbər yayıb.
Nəşrin məlumatına görə, əvvəlcə Priqojinin 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılının qaytarılması planlaşdırılmayıb. Lakin bazar günü axşam saatlarında bütün pul və qiymətli əşyalar ona verilib. Təhvil-təslim prosesində Priqojinin özü olmayıb, onun əvəzinə “Vaqner” rəhbərinin sürücüsü etibarnamə ilə gəlib. Məlumatlara görə, Priqojin həftəsonu Moskvada olub.
Bundan əvvəl “Fontanka” yazıb ki, Priqojinin Sankt-Peterburqda ofisi hesab edilən “Trezzini” otelinin həyətində axtarışlar zamanı 4 milyard rubl, “River Palace Hotel”in dayanacağındakı “Qazel”dən daha 6 milyard rubl tapılıb. “Vaqner” PMC-nin təsisçisinin ofisindən də qızıl və valyuta müsadirə edilib. Priqojin özü bildirib ki, bu, "Vaqner" PMC döyüşçülərinin maaşları və qurbanların yaxınlarına ödənişlər üçün nəzərdə tutulan puldur.
AzPolitika.info