Prokuror Ata Abdullayevə cəza istədi - Ona hansı cəza veriləcək?
Özünü bloger kimi təqdim edən Ata Abdullayev növbəti dəfə məhkəmə önünə çıxarılıb.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Ata Abdullayev çıxış edib:
“Məni güllələmək qərarı olsaydı, onu eləyərdiniz, mənim də canım qurtarardı. Yorulmuşam, daha ölürəm mən. Biz Əli Kərimli dönəmində - 1992-ci ildə yaşamırıq, Heydər Əliyevin qurduğu ölkədə yaşayırıq. Mən dünyanın ən xoşbəxt adamıyam ki, 2001-ci ildə ulu öndərlə görüşmək qismət olub. Daha sonra o dəmir yumruğun sahibi ilə görüşmüşəm. Dəmir yumruğu öpmək dördüncü cəhddən sonra mümkün oldu. Prezident hara gedirdisə, mən də o ölkəyə uçurdum. Amerikada, Fransada cəhdlərim alınmadı. Dördüncü cəhddə alındı. Beşinci cəhddə - Münhendə də mənə əl elədi. Onun əllərinə qurban olum”.
Ata Abdullayev əlavə edib ki, deputatlığa namizəd olanda 3 gün ərzində 650 nəfərin imzasını toplayıb. Seçkidə həmin dairə üzrə 11 namizəd arasında 3-cü yeri tutub.
Prosesin davamında prokuror çıxış edib. Prokuror A.Abdullayevin 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
Cinayət işi üzrə Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş kimi tanınıb.
Ata Abdullayevin bu şəxslərdən şantaj yolu ilə pul tələb etdiyi bildirilir.
Qeyd edək ki, Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir. Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
Musavat.com