📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prokuror saxta pul dövriyyəsində təqsirləndirilən şəxsə cəza istədi

2026-11-26 15:08:36

Prokuror saxta pul dövriyyəsində təqsirləndirilən şəxsə cəza istədi

Dövlət ittihamçısı saxta pulların dövriyyəsində təqsirləndirilən Tamerlan Hümbətovun 9 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı da öz növbəsində çıxış edib. Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyib.

Növbəti iclas dekabrın 3-nə təyin olunub.

İttihama görə, Tamerlan Hümbətov saxta pulları tədavülə yararlı pullarla dəyişdirmək üçün kassalara verib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) və 204.1-ci maddəsi ilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham olunub. /"Report"