“PULUMUZU QAYTARIN, ƏKS HALDA...” – Bakıdakı kənd təsərrüfatı sərgisində etiraz aksiyası keçirilə bilər
Azərbaycanda iki şirkət arasında öhdəliklərin icra olunmaması ilə bağlı narazılıq yaranıb.
Bu barədə “AzPolitika.info”-ya “HomeService” MMC-nin rəhbəri Əli Kazımovun göndərdiyi şikayət məktubunda bildirilir.
Şirkət rəhbəri həmçinin Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova, eyni zamanda öhdəlikləri yerinə yetirməyən “4S” şirkətinin rəhbəri Elxan Ələkbərova müraciət edib.
Əli Kazımov bildirir ki, “4S” MMC ilə texnika və traktorların alınması üçün 23.11.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq şirkətə müxtəlif vaxtlarda 10 min, 30 min, 13 min və 7,901.63 manat olmaqla, ümumilikdə 60,901.63 manat pul ödənilib. “Avansın ödənilməsindən il yarım keçsə də, mallar təhvil verilmədiyi üçün “4S” MMC ilə əməkdaşlıqdan imtina edilərək, vəsaitin geri qaytarılması tələb olunub. Dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, 18 ay ərzində adıçəkilən şirkət pulu qaytarmaqdan imtina edib”, - şirkət rəhbəri qeyd edib.

Ə.Kazımov bildirir ki, bu səbəbdən hadisəni ictimailəşdirmək və hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib. “17-18 may tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək sərgidə bütün əməkdaşlarımızla birgə sizin şirkətin stendi qarşısında etirazımızı ifadə edəcəyik”, - şirkət rəhbəri borclu tərəfə xəbərdarlıq edib. “Xahiş edirəm bu işə ciddi yanaşın və 16.05.2023-cü il tarixə qədər ödənişi qaytarın. Əks təqdirdə, qeyd etdiyim tədbirlər icra olunacaq, - o vurğulayıb.
Qeyd edək ki, «4S» şirkətinin internet səhifəsində yerləşdirilən məlumata görə, MMC 2017-ci ildə təsis edilib. Əsas fəaliyyəti böyük və kiçik fermerliklər üçün texnika və avadanlıq idxal etməkdir.
Şirkətin sahibi Elxan Ələkbərov sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı oğludur.