📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putin ABŞ-yə Ukraynadakı münaqişəni dondurmağı təklif edib..."

2024-02-14 16:28:16

“Putin ABŞ-yə Ukraynadakı münaqişəni dondurmağı təklif edib...

“Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə Ukraynada atəşkəs məsələsini nəzərdən keçirməyə hazır olduğuna dair siqnallar göndərib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi müzakirələrlə tanış olan üç rus mənbəsinə istinadla məlumat yayıb.

Mənbələrə görə, Putin öz mövqeyini 2023-cü ildə açıq şəkildə bəyan edib, həmçinin bunu vasitəçilər, o cümlədən Moskvanın Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə özəl şəkildə çatdırıb. Rusiya prezidenti Rusiya qoşunlarının işğal etdikləri Ukrayna ərazilərində qalması şərti ilə münaqişənin dondurulmasını təklif edib.

 

Rusiyanın yüksək səviyyəli mənbəsi jurnalistlərə bildirib ki, vasitəçilər 2023-cü ilin sonunda Türkiyədə görüşüblər, danışıqlar heç bir nəticə verməyib. İkinci həmsöhbət deyir ki, amerikalılar Ukraynasız atəşkəsi müzakirə etməkdən imtina ediblər. Üçüncü mənbə ABŞ-nin Ukraynaya təzyiq etmək istəmədiyini bildirir.

Amerika mənbəsi rəsmi əlaqə faktını təkzib edərək Vaşinqtonun Ukraynasız danışıqlarda iştirak etməyəcəyini bildirib. Bu arada ruslar bildirirlər ki, siqnalı aldıqdan sonra Amerika rəsmiləri, o cümlədən Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns və dövlət katibi Entoni Blinken görüş keçirib.

İdeya ondan ibarət olub ki, Sallivan Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakovla danışacaq və növbəti addımları müəyyən edəcək. Lakin yanvar ayında zəng gələndə Sallivan Uşakova bildirib ki, Vaşinqton münasibətlərin digər aspektlərini müzakirə etməyə hazırdır, lakin Ukraynasız atəşkəs haqda danışıqlarda iştirak etməyəcək. ”, - nəşr qeyd edir.

Başqa bir rus mənbəsi jurnalistlərə bildirib ki, Putin belə şərh edib: “Mən bilirdim ki, heç nə etməyəcəklər”. Digər həmsöhbət Vaşinqtonun diktatorun səmimiliyinə inanmadığını qeyd edib. İndi Kreml müharibənin dondurulması məsələsində ABŞ-la gələcək təmaslarda məna görmür.

Müharibənin dondurulması və Rusiya ilə danışıqlar:

Məlum olduğu kimi, Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiya ilə danışıqlar məsələsinə yalnız işğalçı qüvvələr Ukrayna ərazilərindən çıxarıldıqdan sonra baxılacaq. Moskva isə iddia edir ki, o, heç vaxt danışıqlardan imtina etməyib. Yalnız öz şərtləri ilə...

Həmçinin Kiyevdə hesab edirlər ki, Rusiya hakimiyyəti cəbhədə atəşkəs rejimindən öz qoşunlarını növbəti hücumlar üçün artırmaq və gücləndirmək üçün istifadə etməyə çalışır...

moderator.az