"Putin antisemitizmin əleyhinədirsə, Pavlovu hakimiyyətdən uzaqlaşdırmalıdır" - ELXAN ŞAHİNOĞLU
"Yəhidilərin ən böyük köçlərindən biri müxtəlif dövrlərdə məhz Rusiya və SSRİ-dən olub"
"Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşevin köməkçisi Aleksey Pavlovun məşhur “Arqumenti i faktı” qəzetində yayımlanan məqaləsində Ukraynanın siyasəti tənqid olunarkən bu ölkəni idarə edənlərin slavyan köklərindən uzaqlaşdıqlarını və anormal insanların nəzarəti altına keçdiklərini iddia edib. Pavlov “anormal insanlar” dedikdə radikal iudaizmə bağlı olanları nəzərdə tutduğunu gizlətməyib. Bu açıq-aşkar antisemitizmdir. Pavlov bu sırada ukraynalı oliqarxlardan İqor Kolomoyskinin adını çəkib. Bəli, sirr deyil ki, Kolomoyskiy yəhudidir, Ukraynanın hazırki prezidenti Vladimir Zelenski də eyni dinə bağlıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Rusiya və Sovet tarixinin müxtəlif kəsimlərində bu imperiyaların başında dayananların yəhudilərə nifrəti olub, qətliamlar və saxta məhkəmə işləri olub: "Bu siyasət Rusiyanın şovinist çarlarından tutmuş SSRİ diktatoru Stalinə qədər davam edib. Buna görə də yəhidilərin ən böyük köçlərindən biri müxtəlif dövrlərdə məhz Rusiya və SSRİ-dən olub. Rusiyanın hazırki prezidenti Vladimir Putinin antisemit baxışları yoxdur, bir ara İsraillə sıx münasibətləri də var idi. Ancaq Putin hər dəfə isrialli rəsmilərə onu da sual edirdi ki, “Siz necə ola bilər ki, nasistlərə simpatiyası olan Ukraynanı dəstəkləyirsiniz?”. Putin Ukraynada müstəqillik uğrunda mübarizənin başında dayanan Stepan Banderanın xalq qəhrəmanı kimi təqdim olunduğunu nəzərdə tutur. Putinin özündən soruşmaq lazımdır ki, “Bəs Siz yəhudilərə nifrət bəsləyən diktator Stalinə niyə bu qədər rəğbət bəsləyirsiniz?” Əgər Putin antisemitizmin əleyhinədirsə, antisemit ruhlu məqalə yayımlayam şəxsi hakimiyyətdən uzaqlaşdırmalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az