📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin bütün addımları ilə dünyaya bunu deyir ki, Navalnı məhz onun əmri ilə öldürülüb" - ŞAHİN CƏFƏRLİ

2024-02-21 11:09:01

"Artıq beşinci gündür Navalnının meyiti ailəsinə verilmir, rejim yəqin ki, dəfn mərasiminə arzuolunmaz sayda insanın toplaşmasından ehtiyatlanır"

"Aleksey Navalnının ölümündən sonra Vladimir Putin Cəzaların İcrası üzrə Federal Xidmətin (FSİN) rəhbərliyini mükafatlandırıb. Xidmətin 2 direktor müavininin, o cümlədən Rusiya müxalifətçilərinin iddiasına görə, Navalnıya işgəncələr verdirən Valeri Boyarinev və 2 idarə rəisinin rütbələri yüksəldilib. Navalnının Münhen Təhlükəsizlik Konfransının başladığı gün öldürülməsi də təsadüf deyil". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçinin qənaətincə, Putin bütün addımları ilə həm ölkə daxilinə, həm də dünyaya bunu deyir ki, Navalnı məhz onun əmri ilə öldürülüb: "Tiran bu davranışı ilə dövlətə nə dərəcədə hakimliyini, Rusiyada tək güc mərkəzinin özü oduğunu, ehtiyac duyarsa, başqa radikal qərarlar da verib, icra etdirə biləcəyini (məsələn, nüvə silahının tətbiqi) nümayiş etdirmək, anlatmaq istəyir. Artıq beşinci gündür Navalnının meyiti ailəsinə verilmir. Rejim yəqin ki, dəfn mərasiminə arzuolunmaz sayda insanın toplaşmasından ehtiyatlanır. Uzun sözün qısası, dünya bir manyakın əlində əsir-yesir qalıb. Amma belələrinin sonunun nə ilə nəticələndiyi də tarixdən məlumdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az