📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin düyməyə basıb, mexanizm işə düşüb" - ELXAN ŞAHİNOĞLU

2022-02-09 12:28:00

"Minsk razılaşmaları aktuallığını itirib, Kiyev Donbasa xüsusi səlahiyyət verməyəcək, separatçılarla birbaşa danışıqların aparılması da mümkün deyil"

"Moskva iddia edir ki, Kiyev Minsk razılaşmalarını yerinə yetirmir. Məgər, Donbasdakı insanlara Rusiya pasportları paylamaq Minsk razılaşmalarına uyğun idi? Və ya sərhəddə yüz minlik qoşun cəmləşdirmək, bir o qədərini də Belarusa toplamaq Minsk razılaşmalarına uyğundur?" Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Rusiya prezidenti ona əsəbiləşir ki, vaxtilə Minsk razılaşmalarına dəstək verən Qərb ölkələri hazırda həmin razılaşmalardan faktiki imtina ediblər: "Bəli, Minsk razılaşmaları aktuallığını itirib, Kiyev Donbasa xüsusi səlahiyyət verməyəcək, separatçılarla birbaşa danışıqların aparılması da mümkün deyil. Fransa prezidenti Emmanuel Makronun Moskva və Kiyev səfərlərinə gəldikdə, müsbət nəticədən danışmaq yersizdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Putin Makronla birgə mətbuat konfransında açıq şəkildə Qərbi və NATO-nu hədələdi: "Ardınca Qara dəniz sahillərində Rusiya hərbi gəmiləri təhlükəli manevrlərə başlayıblar. Putin düyməyə basıb, mexanizm işə düşüb, sadəcə "X gününün" tarixi bəlli deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az