📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin nüvə silahına əl atarsa… Və yaxud ABŞ həqiqətən də dünyanı nüvə təhlükəsindən qorumağa qadirdir?

2022-03-29 11:38:00

Putin nüvə silahına əl atarsa… Və yaxud ABŞ həqiqətən də dünyanı nüvə təhlükəsindən qorumağa qadirdir?

 

Azərbaycanın nüvə alimi Şakir Nağıyev: “Ən kiçik nüvə başlığı belə, çox sayda insan tələfatına və uzunmüddətli mənfi nəticələrə səbəb ola, bütün dünyanı uçuruma apara bilər”

“Nüvə müharibəsi baş versə, səmanı qara buludlar örtəcək, günəşin qarşısı kəsiləcək, hər tərəf zülmətə bürünəcək. Radioaktiv maddələr bütün canlı aləmi zəhərləyib məhv edəcək”                                Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən Putin hakimiyyəti dünyanı nüvə silahı ilə təhdid edir. Martın 27-də isə Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı filosof Aleksandr Duqin sərt açıqlaması ilə diqqət cəlb edib. Rusiyalı filosof bildirib ki, bu hərbi əməliyyat (Rusiyanın Ukraynaya təcavüzü - red.) Rusiya üçün ölüm-qalım məsələsidir. “Ya var olacağıq, ya da məhv olacağıq. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu ola bilməz. Əgər olsa, nə Putin, nə Rusiya, nə də dünya olacaq”, - deyə Duqin bildirib.

“Biz hər şeyi riskə atdıq. Nüvə hücumu ilə üzləşsək, NATO müharibəyə müdaxilə etsə, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmalı olacağıq”, - deyə Duqin dünyanı təhdid edib. O, həmçinin əlavə edib: “Rusiya olmasa, bəşəriyyət də ola bilməz. Bu dünyada yaşamaq istəyirsənsə, böyük və müstəqil Rusiyanı qəbul etməlisən. Tariximizin hər mərhələsində qalib gəlməyi bacarmışıq. Dəyərsiz hər kəs öləcək. Putini məğlub olan Qorbaçov və Yeltsinlə müqayisə etdikdə, nəticə çox şey deyir. Zəif və axmaq liderlərimiz olduğu kimi, böyük və cəsur liderlərimiz də ola bilər”.

Rusiya-Ukrayna müharibəsi bir aydan artıqdır ki, davam edir. Bu müddət ərzində Rusiya tərəfi həm canlı qüvvə, həm də hərbi texnika sarıdan kifayət qədər ciddi itkilərə məruz qalıb, saysız-hesabsız sanksiyalar isə Rusiya iqtisadiyyatını çökdürür. Bütün bunlar Rusiyanın tezliklə məğlub olacağını düşünməyə əsas verir. Bunu anlayan, amma məğlubiyyəti qəbul etməyə hazır olmayan Putin isə, dünyanı nüvə silahı ilə təhdid edir. Ən təhlükəlisi isə budur ki, artıq Rusiyanın nüvə silahından istifadə edə biləcəyi haqda narahatçılıq da artıb. Hansı ki, bu ehtimal son günlər dünya mətbuatında daha çox səslənir.

Bəs Rusiyanın neçə nüvə silahı var və ondan qorxmaq lazımdırmı?

Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə, hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var.

Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var. Bu isə dünyaya çox böyük təhdiddir.

Analitiklərin fikrincə, Rusiya Ukrayna ilə sərhəddə ən azı 1-2 nüvə başlığı yerləşdirə bilər.

Amerikalı siyasilər isə dəfələrlə Rusiyaya məxsus nüvə silahlarına peykdən nəzarət edildiyini və onları hər an istər yerdə, istərsə də fəzada zərərsizləşdirmək iqtidarında olduqlarınıbəyan edib. Amerikalı alimlərin iddiasına görə, halda nüvə başlıqlarının işə salınmasından ən çoxu iki dəqiqə sonraı onları yerindəcə, ən pis halda işə fəzada məhv etmək mümkündür. Özü də bu proses insan itkisi olmadan həyata keçirilə bilər. Təbii ki, atmosfer, xüsusilə də ozon dəliyi az da olsa, bundan ziyan görəcək.

Amerika həmçinin uzun illərdir ki, nüvə başlıqlarının məhv edilməsi məsələsini də gündəmdə saxlayır. Amma alimlərin sözlərinə görə, nüvə silahının məhvi belə təhlükəsiz deyil.

Rusiya həqiqətən nüvə silahından istifadə edə bilərmi? Bəs Rusiyanın bu addımı  hansı fəsadlara səbəb olar?

“Bu, dünyanın məhvinə səbəb ola bilər…”

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev “Hurriyyət”ə sözügedən məsələ ilə bağlı açıqlama verib:  “Əvvəla, bu, zərərverici təsirin miqyasından asılıdır. Nüvə silahlarının gücü bir sıra amillərdən, o cümlədən döyüş başlığının ölçüsündən, döyüş başlığının partladığı hündürlükdən, nüvə silahlarının istifadə olunduğu ərazidən asılıdır. Amma ən kiçik döyüş başlığı belə, çox sayda insan tələfatına və uzunmüddətli mənfi nəticələrə səbəb ola, bütün dünyanı uçuruma apara bilər. Çünki Rusiya bu addımı atsa, Avropa ölkələri, Amerika da cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə edəcək. Əvvəlcə kiçik miqyaslı münaqişə, sonradan genişlənib qlobal bir müharibəyə çevrilə və hətta dünyanın məhvinə səbəb ola bilər.

Özü də nüvə müharibəsi baş versə, səmanı qara buludlar örtəcək, günəşin qarşısı kəsiləcək, hər tərəf zülmətə bürünəcək. Radioaktiv maddələr bütün canlı aləmi zəhərləyib məhv edəcək.

Nüvə müharibəsinin qarşısı hökmən alınmalıdır, bu faciəyə yol vermək olmaz. Amerikanın 1945-ci ildə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atdığı atom bombaları çox kiçik bombalar idi, amma həmin bombardmanın fəsadları hələ də Yaponiyada hiss olunmaqdadır. Ümid edirəm ki, vəziyyət nüvə müharibəsi həddinə gəlib çatmayacaq.

“Nüvə silahlarının qarşısını ala bilən vasitələrin etibarlılığı haqda danışmaq çətindir”

İndiyədək nüvə silahından istifadə olunmayıb, odur ki, nüvə silahlarının qarşısını ala bilən vasitələrin etibarlılığı haqda danışmaq çətindir, çünki onlar hələ ki, sınaqdan keçirilməyib.

“Ələddinin sehrli çırağı” nağılında deyildiyi kimi, “cin küpədən çıxdısa, onu geriyə qaytarmaq çətindir”. Bu mənada insan tərəfindən yaradılan nüvə silahlarını məhv etməyin özü də külli miqdarda maddi vəsait və enerji sərf etməyi tələb edir. Nüvə silahınıın məhvi prosesi istər-istəməz böyük ərazilərə ziyan vuracaq, böyük dağıntalara səbəb olacaq, atmosfer zəhərlənəcək.

Əlbəttə, yaxşı olardı ki, nüvə silahı ilk başdan yaradılmayaydı.

Bilirsiniz ki, inkişafın iki meyli var. Alimlər yaradır, siyasətçilər isə bundan öz məqsədləri üçün istifadə edir. Söhbət “əkslərin vəhdəti və mübarizəsi qanunu”ndan gedir. Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir. Yəni bir-birinə əks qütblər, bir-birinin iştirakı olmadan yaşaya bilmir. Müsbət və mənfi yüklər bir arada canlı həyatı yaradır. Alimlərin kəşf etdiyi nüvə enerjisindən dinc məqsədlər üçün də, dağıdıcı silahlar, kütləvi qırğın vasitələri  yaratmaq üçün də istifadə olunur.

Əlbəttə, nüvə silahına sahib olan bütün dünya dövlətləri razılığa gəlib nüvə başlıqlarını məhv etsə, bu, çox müsbət bir addım olardı. Amma ölkələr bir-biri ilə nə dərəcədə səmimi olacaq, siyasətçilərin verdiyi sözə nə dərəcədə inanmaq olar - bunu demək çətindir.

Hazırladı: RUNA