"Putin nüvə silahına əl atsa, ABŞ Rusiyanı yer üzündən siləcək" - XAQANİ CƏFƏRLİ
"Rusiyanın siyasi və hərbi elitası ağlını tam itirməyibsə, Putinin nüvə avantürasının qarşısını alacaq"
"Rusiyanın 4 həftə ərzində Ukraynada əhəmiyyətli irəliləyiş əldə edə bilməməsi, üstəlik ciddi itkilər verməsi Putinin nüvə silahına əl ata biləcəyi ilə bağlı ehtimalı gündəmə gətirib. Böyük Britaniyanın Ukraynaya göndərdiyi 4000 ədəd NLAW tank əleyhinə raket, ABŞ-ın bir milyard dollarlıq və Avropa Birliyinin 0.5 milyard avroluq silahı ünvanına çatdıqdan sonra qüvvələr nisbəti kəskin şəkildə Rusiyanın əleyhinə dəyişəcək. Ukrayna prezidenti Vladimir Zelenski ölkənin ərazi bütövlüyünün bərpa olmasının zamanının çatdığını bəyan edib və bu məqsədi Ukrayna ordusunun yeni vəzifəsi olaraq müəyyən edib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun fikrincə, aydın görünür ki, cəbhə xəttində hərbi üstünlük əldə edən Ukrayna ordusu işğalçıları təmizləməyə başlayacaq: "Rusiyanın quru qoşunlarının böyük hissəsi artıq Ukrayna ərazisindədir. Moskvanın istifadə edə biləcəyi ehtiyyat qüvvə çox məhduddur və bu qüvvənin də əməliyyatlara cəlb olunması vəziyyəti kəskin dəyişmək üçün yetərli deyil. Belə bir vəziyyətdə Putinin vəziyyəti öz xeyrinə dəyişmək üçün nüvə silahından başqa ümidi yoxdur. Bu məqsədlə taktiki atom bombasından istifadə ediləcəyi artıq fəal şəkildə müzakirə olunur. Putinin köməkçisi Dmitri Peskov bəyan edib ki, Rusiyanın mövcudluğu üçün təhlükə yaranacağı halda nüvə silahından istifadə edəcəklər. “Rusiyanın mövcudluğu” ifadəsi çox yayğındır və Ukraynanın istənilən uğurunu Moskva özünün mövcudluğu üçün təhlükə kimi qiymətləndirə bilər".
Xaqani Cəfərlinin sözlərinə görə, Putindən fərqli olaraq Rusiyanın siyasi və hərbi elitası ağlını tam itirməyibsə, nüvə avantürasının qarşısını alacaq: "Əks halda bu avantüra Rusiyanın tam məhvinə və rusların dövlət qurmaq hüququnu itirməsinə səbəb olacaq. ABŞ ordusunun istefada olan dördulduzlu generalı (ordu generalı) Barri Makkefi bildirib ki, Putin nüvə siahına əl atsa ABŞ 15 dəqiqə ərzində Rusiyanı yer üzündən siləcək. Unutmayın ki, bu gün Ağ Evin sahibi ABŞ-ın son yüz ildə ən cəsur prezidenti hesab olunan Co Baydendir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az