"Putin Priqojini öldürməyənə qədər sakitləşməyəcək" - ELXAN ŞAHİNOĞLU
"Putin Lukaşenkonun vasitəçiliyi ilə Priqojini əfv etsə də, bu müvəqqəti xarakter daşıyacaq, killerlər ya yoldadır, ya da hazırlaşmaq əmrini alıblar"
"Kreml sahibi Vladimir Putin qisasçıdır, düşmənlərini bağışlamır, keçmiş xəfiyyələr Litvinenkonun, Skripalın Londonda zəhərlənmələri, oliqarx Berezovskinin eyni şəhərdə müəammalı ölümü buna sübutdur". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Priqojinin Putinin imicinə daha ağır zərbə vurduğunu qeyd edən politoloqun sözlərinə görə, Kreml sahibi onu öldürməyənə qədər sakitləşməyəcək: "Kreml sahibi Priqojinin Rusiyanın iki şəhərini döyüşsüz təslim almasını, "Moskvaya gəlirəm" hədəsini səsləndirməsini, "Vaqner"in onlarla pilotun ölümüylə nəticələnən bir təyyarə, bir neçə helikopteri havada vurmasını unutmayacaq".
"Atlas" Araşdırmalar Mərkəzini rəhbərinin fikrincə, Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojini əfv etsə də, bu müvəqqəti xarakter daşıyacaq, killerlər ya yoldadır, ya da hazırlaşmaq əmrini alıblar.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az