📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Rusiyanı UÇURUMA SÜRÜKLƏYİR

2022-03-01 10:38:00

Putin Rusiyanı UÇURUMA SÜRÜKLƏYİR

Xaqani Cəfərli: "Dünya ictimaiyyəti Rusiyanın bundan sonra indiki şəkildə qala bilməyəcəyi ilə bağlı qərar verməlidir"

Məhəmməd Əsədullazadə: "Rusiya güzəştə getməsə, ordusunu Ukraynadan çıxarmasa, o zaman daha ağır durumla üzləşməsi qaçılmaz olacaq"

Vüqar Bayramov: "Rusiya valyutası kəskin ucuzlaşıb, müharibə davam edərsə və sanksiyalar genişlənərsə bu, rubl üçün sonuncu dayanacaq olmayacaq"

Elxan Şahinoğlu: "Bundan sonra Qərb liderlərinin Zelenskinin "Ukraynanı NATO-ya və Avropa İttifaqına üzv qəbul edin" çağırışına səssiz qalmaları çətinləşəcək"

Bir həftə öncə, daha dəqiq desək, Vladimir Putin hələ Ukraynaya hücum əmri verməmişdən qabaq qeyd etmişdik ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Kreml rəhbərinin hakimiyyətinin sonunu gətirməklə yanaşı, ölkəni siyasi və iqtisadi iflasın eşiyinə gətirəcək. Budur, artıq bu gün proqnozumuzun özünü doğrultmaq üzrə olduğunu qəti əminliklə deyə bilərik. Belə ki, G7 ölkələrinin Ukraynaya müdafiə xarakterli silahların yerləşdirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı razılığa gəlməsi, Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Rusiyanın bir neçə bankının SWİFT-dən çıxarılması ilə bağlı razılaşmanı təsdiqləməsi, o cümlədən Rusiya ordusunun hücum tempinin aşağı düşməsi bir daha onu deməyə əsas verir ki, Putin öz avtoritetini qorumaq naminə verdiyi ağılsız qərarıyla Rusiyanı dərin və yaxın onillikdə çıxılması mümkün olmayan quyuya sükürləyib.

Kreml rəhbəri nüvə düyməsinə basdığı an bu, Rusiyanın və rusların sonu olacaq

Məsələnin maraqlı tərəfi ondadır ki, hazırda Rusiyanın siyasi və hərbi elitası, eyni zamanda oliqarxları, bank rəhbərləri və media orqanları da Ukraynaya hücum əmrinin yanlış olduğunun fərqindədirlər. Lakin hələlik həm Putinin qorxusundan, həm də "Rusiya geri addım atmağa məcbur oldu" kimi ifadələrdən ehtiyat etdikləri üçün bunu açıq şəkildə bəyan etməyə cəsarətləri çatmır. Ancaq bu da uzun çəkməyəcək. Çünki tətbiq olunan sanksiyalar son nəticədə Rusiyanı beynəlxalq aləmdən təcrid edəcək ki, bu da ölkə əhalisinin ciddi narazılığa və hətta Putin hakimiyyətinin devrilməsinə gətirib çıxara bilər.

Onu da qeyd etmək lazımdır ki, Putinin Rusiya ordusuna nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi əmr etməsi, əslində onun nə dərəcədə çarəsiz vəziyyətdə olduğunu sübut edən arqumentlərdən biridir. Adam anlamır ki, nüvə savaşına başlasa, heç Qərbə ehtiyac olmayacaq, Rusiya əhalisi özü onu və komandasını ən ağır formada cəzalandıracaq. Çünki Putin nüvə düyməsinə basdığı an bu, Rusiyanın və rusların sonu olacaq. Odur ki, Kreml rəhbəri özünü və ölkəsini saldığı bataqlıqdan çıxarmaq üçün mütləq Vladimir Zelenski ilə danışıqlara getməli, işğalçı ordusunu qeyri-şərtsiz Ukrayna torpaqlarından geri çəkməlidir.

Danışıqlardan söz düşmüşkən, dünən Rusiya və Ukrayna nümayəndə heyətlərinin Belarusun Qomel vilayətində görüşü baş tutub. Görüşdən öncə açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski "Rusiya ilə görüşün nəticələrinə güclü inamım yoxdur", deyə bildirib. Bununla yanaşı, o, danışıqları kiçik də olsa, şans adlandırıb. Rusiyanın Belarusa danışıqlar üçün göndərdiyi nümayəndə heyətinin üzvü Leonid Slutski isə qeyd edib ki, ölkəsi Ukrayna ilə danışıqlarda öz mövqeyini kifayət qədər kompromissiz şəkildə müdafiə etməyə köklənib. Onu da əlavə edək ki, sözügedən danışıqların nəticəsiz olacağını sübt edən başqa bir fakt isə Vladimir Zelenskinin Ukraynanın təcili olaraq Avropa Birliyinə daxil olması ilə bağlı müraciət etməsidir. Bu barədə axar.az-da yer alan məlumata görə, Zelenski ölkəsinin yeni, xüsusi prosedurla dərhal üzv olması ilə bağlı Avropa Birliyinə müraciət edib: "Tərəfdaşlara bizim yanımızda olduqlarına görə minnətdarıq, lakin bizim məqsədimiz bütün avropalılarla bir yerdə olmaq və ən əsası bərabər şəraitdə orada olmaqdır".

"Hitlerin hərbi cinayətlərinə görə alman xalqı cəzalandırıldığı, Almaniya iki yerə bölündüyü kimi Putinin əməlinə görə Rusiya və onun vətəndaşları məsuliyyətə cəlb olunmalıdırlar" 

Gördüyünüz kimi, Rusiya və Ukrayna arasındakı gərginlik, daha doğrusu Putinin var gücü ilə Ukraynanı işğal etməyə çalışması, bunun üçün hətta nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməsi bəşəriyyəti 3-cü dünya müharibəsinə aparır. Bundan ən çox ziyan görən isə mütləq mənada Rusiya olacaq. Mövzuya təxminən, bu konteksdən yanaşan politoloq Xaqani Cəfərli "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, Rusiyanın Ukraynada törətdiyi insanlıq əleyhinə hərbi cinayətlərinə görə məsuliyyətə cəlb olunması istiqamətində beynəlxalq birliyin fəaliyyəti görünməmiş miqyas alıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda fəaliyyəti dayandırılan Rusiya sürətlə qlobal iqtisadiyyatdan, dünya idmanından və mədəni həyatından təcrid edilir: "Rusiyanı gözləyən fəlakətin miqyasını, Ukraynada törədilən cinayətlərə görə hər bir rusiyalının məsiliyyət daşıdığını dərk edən bir qrup elm və biznes təmsilçisi Rusiyanın və rusların Putin rejiminin cinayətlərinə görə məsuliyyət daşımadığını nümayiş etdirmək üçün müxtəlif addımlar atırlar. BMT-nin iqlim konfransında Rusiya nümayəndə heyətinin rəhbəri Oleq Anisimov münaqişənin qarşısını ala bilmədikləri üçün rusların adından üzr istəyib. Bir qrup nüfuzlu elm xadimi və tanınmış biznes təmsilçisi fevralın 27-də Müharibə Əleyhinə Komitə yaradıblar. Komitənin təsisçilərinin dünya ictimaiyyətinə ünvanlanmış bəyanatında Ukraynaya müdaxilə hərbi cinayəti adlandırılır, bu hərbi cinayətin bütün ölkə, bütün ruslar adından törədildiyi qeyd olunur. Rusiyanın vətəndaşları olaraq özlərini iradələrinə zidd halda beynəlxalq hüququn pozulmasına, hərbi işğala və insanların kütləvi ölümünə görə məsuliyyət daşıdıqlarını qeyd edən müraciət müəllifləri rusların hamısının məsuliyyət daşımadığını qabartmağa çalışıblar. "Biz müharibənin qarşısını ala bilmədiyimizə, rus qoşunlarının qonşu ölkəyə xain hücumuna yol verdiyimizə görə mənəvi məsuliyyət daşıyırıq. Ancaq işğalın birbaşa iştirakçıları - planı hazırlayan generallar və Rusiyanın siyasi rəhbərliyi - hərbi cinayətkarlar adlandırılmalıdır. Onların hər biri ayrı-ayrılıqda və hamısı birlikdə öz əməllərinin cəzasını almalıdır. Törətdikləri cinayətlər üçün heç bir məhdudiyyət müddəti yoxdur".

Politoloq hesab edir ki, bütün bunlar Rusiyanı və onun vətəndaşlarını məsuliyyətdən xilas etməyə yönəlmiş addımlar: "Rusiya ilə Putin rejimi arasında bərabərlik işarəsi qoyulmalı, Putin və onun komandası ilə yanaşı, Rusiyanın da məsuliyyət daşıdığı rəsmiləşməlidir. Hitlerin hərbi cinayətlərinə görə alman xalqı cəzalandırıldığı, Almaniya iki yerə bölündüyü kimi Putinin əməlinə görə Rusiya və onun vətəndaşları məsuliyyətə cəlb olunmalıdırlar. Dünya ictimaiyyəti Rusiyanın bundan sonra indiki şəkildə qala bilməyəcəyi ilə bağlı qərar verməlidir. Bəşəriyyəti Üçüncü Dünya Müharibəsinin astanasına gətirmiş, Ukraynada və digər postsovet ölkələrində çoxsaylı hərbi cinayətlər törətmiş Putin rejimini 23 il hakimiyyətdə saxlayan ölkə və xalq məsuliyyətdən azad oluna bilməz".

"Ukraynada verdiyi itkilər Kremlin siyasi məğlubiyyətidir və bu səbəbdən də artıq Rusiya üçün geri sayım başlayıb" 

"Hürriyyət" xəbər verir ki, məsələ ilə bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə Rusiyanın Ukraynada məğlub olacağı təqdirdə, Putinin növbəti seçkilərdə iştirak etməyəcəyini vurğulayıb: "Yəni, Rusiya məğlub olarsa, Putinin komandasından namizəd verilməsinə, varis məsələsinə imkan verilməyə bilər. Odur ki, bu halda Kremlə yeni komanda gələrək Qərblə anlaşmaya getməsi mümkündür". Belarusda baş tutan Ukrayna-Rusiya danışıqlarına gəlincə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bundan hər hansı müsbət nəticənin gözlənilmədiyini bildirib: "Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi gözlənilmir. Çünki NATO və Avropa dövlətləri Ukraynaya müxtəlif növ silahlar və həmin silahları istifadə edəcək peşəkar hərbçilər göndərir. Ukraynada verdiyi itkilər Kremlin siyasi məğlubiyyətidir və bu səbəbdən də artıq Rusiya üçün geri sayım başlayıb. Onu da qeyd edim ki, Ukraynanın Belarusda danışıqlara getməsi Kiyevin güzəşti sayıla bilər. Lakin o da bir faktdır ki, Rusiya güzəştə getməsə, ordusunu Ukraynadan çıxarmasa, o zaman daha ağır durumla üzləşməsi qaçılmaz olacaq. Çünki hazırda siyasi, hərbi və psixoloji üstünlük Ukrayna tərəfdədir və Qərb hər ötən gün dəstəyini bir qədər də artırır".

"Müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək" 

Millət vəkili, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov isə qeyd edib ki, Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib: "Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə bu, rubl üçün sonuncu dayanacaq olmayacaq. Digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Artıq demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqativ nəticələrə səbəb ola bilər".

Millət vəkilinin sözlərinə görə, Rusiyanı SWİFT-dən uzaqlaşdırmaqla bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir: "Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu, rublu ciddi silkələyə bilər. Savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq, Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir. Görünən odur ki, bu müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır".

"Müharibə dayansa belə, Krım və Donbass Ukrayna üçün əlavə problem yaratmaqda davam edəcək" 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, müharibə dayansa belə, Krım və Donbass Ukrayna üçün əlavə problem yaratmaqda davam edəcək. Politoloq hesab edir ki, Rusiya elə bir vəziyyətə düşə bilər ki, Krımla Donbassı əlində saxlamaq da çətinləşə bilər: "Ukrayna və Qərb bu ssenariyə də hazır olmalıdır". Elxan Şahinoğlu onu da qeyd edib ki, Zelenskinin indiki şərtlər altında NATO üzvlüyündən vaz keçib neytral status barədə düşünməsi mümkün görünmür: "Çünki Zelenski hazırda Putin qarşısında mənəvi üstünlüyə malikdir, ordusu və cəmiyyəti işğalçıya müqavimət göstərir. Müharibədən sonra isə dəyirmi masada yenidən Ukraynanın "neytral statusu" mövzusuna qayıdılması isə artıq Kiyevdən çox Qərb ölkələrindən asılıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünya düzənini dəyişib, müharibəyə qədər "Ukrayna yaxın müddətdə NATO-nun üzvü ola bilməz" deyənlər fərqli qərar haqqında düşünmək məcburiyyətindədirlər. Sivil dünya Ukraynanın tərəfindədir, Zelenskinin hər açıqlaması, hər cümləsi, hər tviti dünyanın gündəm mövzusuna çevrilir. Odur ki, bundan sonra Qərb liderlərinin Zelenskinin "Ukraynanı NATO-ya və Avropa İttifaqına üzv qəbul edin" çağırışına səssiz qalmaları çətinləşəcək".

"Qərb ölkələrində hesab edirlər ki, Pekin Rusiya-Ukrayna müharibəsindən "səmərəli" istifadə etməyə çalışacaq, söhbət Çinin Tayvanı ram etməsindən gedir"

Rusiya iqtisadiyyatının dağıldığını, Avropa bazarından məhrum olmaq üzrə olduğunu, bankların üzünə qapandığını, oliqarxların müflisləşdiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Kreml bu ağır vəziyyətdən çıxmaq üçün əsas tərəfdaşı Çinə müraciət edəcək: "Kreml sahibi Vladimir Putin olimpiadanın açlışı məqsədilə fevralın 3-də Pekinə gedərkən Ukraynaya hücum qərarını artıq vermişdi. Putin məhz buna görə Pekində əməkdaşlıqla bağlı geniş saziş imzaladı. Bu saziş Kremlə ona görə lazım idi ki, Qərbin sanksiyaları ilə üzləşdikdə tərəfdaşı Çin bazarına hədəflənsin. Ancaq Qərbin Rusiyaya qarşı sanksiyaları gözlənildiyindən də kəskin oldu. Belə olacağını Kreml də gözləmirdi. Bu vəziyyətdə Çinin Rusiya üçün dəyəri daha da artacaq. Ancaq Çin batan Rusiya iqtisadiyyatını xilas etmək üçün qapılarını tam açacaqmı? Çin hamı üçün, o cümlədən tərəfdaşları üçün də heç zaman daxili bazarının qapılarını açmadı. Ona görə də Kremlin Çinlə bağlı gözləntiləri özünü doğrultmaya da bilər".

Qərbin Çinlə bağlı başqa narahatlığının olduğunu qeyd edən politoloqun sözlərinə görə, Qərb ölkələrində hesab edirlər ki, Pekin Rusiya-Ukrayna müharibəsindən "səmərəli" istifadə etməyə çalışacaq: "Söhbət Çinin Tayvanı ram etməsindən gedir. Çin Tayvan adasını özününkü sayır və ada ətrafında hərbi gücünü artırır. Bəzi ekseprtlərin fikrincə, Çin yaxın 10 ildə Tayvanı ələ keçirmək üçün hazırlıqlarını sürətləndirib. Ancaq Rusiya-Ukrayna müharibəsi Pekini öz planını daha tez reallaşdırmağa həvəsləndirə bilər. Dünyanın diqqəti Ukraynada və Rusiyada ikən Çin əsas probleminin həllinə girişə bilər. Tayvan hökuməti də Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyir. Çin hərbi təyyarələri ada ətrafında uçuşlarını intensivləşdiriblər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günü Çinin hərbi təyytarəsi Tayvan adası üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu vəziyyətdə ABŞ Ukrayna ilə yanaşı, Tayvanı da silahlandırmaq qərarı verəcək. Onsuz da Vaşinqton illərdir Tayvana hərbi yardım edir. Ancaq son hadisələr fonunda bu yardımın miqyası artacaq. Bu isə Çinlə ABŞ arasındakı münasibətləri daha da gərginləşdirəcək. ABŞ-ın keçmiş prezidenti Donanld Tramp da hesab edir ki, Pekin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öz məqsədləri üçün istifadə edəcək. "Ukraynadan sonra işğal növbəsi Tayvana çatacaq" deyən Ağ Evin keçmiş sahibi Pekinin istənilən an Tayvana hücum edəcəyini bildirib".

Elxan Şahinoğlu onu da əlavə edib ki, Kreml Ukraynaya hərbi müdaxilənin bütün risqlərini hesablamadı: "Ukrayna ordusu və cəmiyyəti Rusiya işğalına ciddi müqavimət göstərir və dünyanın təqdirini alır. Digər tərəfdən, müharibə Rusiya iqtisadiyyatını uçuruma aparır. Pekin bütün bunları diqqətlə müşahidə edir. Çinin əhalisi Rusiyanın əhalisindən azı 10 dəfə çoxdur. Kremldən fərqli olaraq Pekin ölkə iqtisadiyyatının sabitliyinə önəm verir. Ona görə də Pekin Tayvanı ələ keçirmədən öncə üzləşəcəyi bütün risqləri hesablamaq məcburiyyətindədir".

Vazeh BƏHRAMOĞLU