"Putin "rusları qorumaq" adı altında Donbası Rusiyaya birləşdirəcək" - ELXAN ŞAHİNOĞLU
"Rusiya ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində taktiki nüvə silahları yerləşdirəcək"
"Rusiya prezidenti Vladimir Putin son çıxışında “geriyə yol yoxdur” deyərək Qərbə ünvanladığı “qırmızı cizgidən” vaz keçməyəcəyini bildirib. Qərb Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib. Qərbdə heç kim Putinin “qonşu dövlətlər arxa baxçamızdır, bura daxil ola bilməzsiniz” ultimatumunu qəbul etmək fikrində deyil. Ancaq Putin sözünü deyib, o da geri çəkilməyi düşünmür". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
"Belə olan halda hadisələr necə inkişaf edə bilər" sualını cavablandıran politoloq hesab edir ki, Qərb Rusiyanı sakitləşdirmək üçün danışıqlara başlaya bilər: "Ancaq Putin deyib ki, Rusiyanı danışıqlar adı altında aldatmağa çalışa bilərlər. Yəni, Putin danışıqlardan nəticə gözləmədiyinə bəri başdan işarə edib. Kreml sahibi bir tərəfdən “danışıqlar” deyərkən, o biri tərəfdən “danışıqlar nəticə verməyəcək” fikrini səsləndirir. Putinin digər ziddiyyətli açıqlaması da var. O bir tərəfdən istəyir ki, Vaşinqton Ukraynanın və Gürcüstanın NATO üzvü oilmayacağı barədə Kremlə yazılı təminat versin, o biri tərəfdən də deyir ki, “Vaşinqtonun imzaladığı sənəd qara qəpiyə dəyməz, çünki istənilər vaxt sazişdən imtina edə bilər”. Bunu deyən o ölkənin lideridir ki, həmin dövlət Ukrayna ərazisinə iddia etmədiyinə dair 1994-cü ildə Budapeştdə sazişə imza atmış, 2014-cü ildə isə Krımı ilhaq etmişdi".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, Kreml ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində taktiki nüvə silahları yerləşdirəcək: "Belarus prezidenti Aleksandr Lukaşenko da son müsahibələrinin birində nüvə raketlərinin ölkəsinə geri qaytarılması üçün Moskvaya müraciət edəcəyini bildirmişdi. Yəni, bu proses artıq başlayıb. Kremlin məntiqi sadədir: “Siz Rumıniya və Polşada nüvə başlıqlı raketlər yerləşdirirsinizsə, mən də eyni tip raketləri istədiyim ərazidə yerləşdirəcəm”. Üçüncü və ən təhlükəli ssenari Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasıdır. Kreml ultimatumlarla “hədəfləri” elə böyüdüb ki, bu ssenari artıq qeyri-real görünmür. Rusiya “Donbasda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək və ardınca da, Krımda olduğu kimi “referendum” keçirib Donbassı Rusiyaya birləşdirəcək. Ancaq bu da təhlükəli proseslərin sonu olmayacaq, qarşıdurma yeni fazaya keçəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az