📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin sona qədər gedəcəyini bəyan edib, yəni, o, insan faciəsi ilə hesablaşmır" - ELXAN ŞAHİNOĞLU

2022-03-17 11:17:00

"Kreml sahibi deyib ki, guya müharibə planlaşdırıldığı kimi gedir, halbuki, Rusiyanın itkiləri çoxdur, vurulan hərbi texnikanın sayı-hesabı yoxdur"

"Ukrayna prezidenti Volodimir Zelenski fəaldır, hər gün açıqlama və müsahibələr verir, sosial şəbəklərdə fikirlərini paylaşır, onlayn konfranslara qatılır. Rusiya prezidenti Vladimir Putin isə bu rejimdə işləməyə öyrəşməyib. Ancaq qarşı tərəf informasiya savaşında fəaldırsa, sən passiv ola bilməzsən, bunu informasiya müharibəsinin xarakteri diqtə edir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Putin Zelenski qədər fəal olmasa da, açıqlama, müsahibə və tvitlərin əvəzinə hökumət üzvləri ilə keçirdikləri toplantılar vasitəsilə mövcud vəziyyətə qiymət verir: "O, "Rusiya regioanlarının sosial-iqtisadi durumu”nu müzakirə etmək adı altında Ukraynadakı müharibəylə bağlı fikirlərini paylaşıb. Birincisi, Kreml sahibi deyib ki, guya müharibə planlaşdırıldığı kimi gedir. Halbuki, Rusiyanın itkiləri çoxdur, vurulan hərbi texnikanın sayı-hesabı yoxdur, iki günə Kiyevi işğal etməli olan ordu meşələrdə ilişib. İkincisi, Putin sona qədər gedəcəyini bəyan edib. Yəni, o, insan faciəsi ilə hesablaşmır. Əksinə, Putin təlimat verib ki, Krımın ilhaqı tarixi – 18 mart Rusiyanın bütün şəhərlərində konsertlərlə qeyd edilsin. Müharibəni bitirməmiş, ordusunun ölən minlərlə hərbçinin xatirəsini toy-bayramla yad etmək istəyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az