Putin soyadı da kömək etmədi – Prezidentin qohumunun şirkəti bağlanır
FTX-də çalışıb, Putinin qohumu idi
Rusiya Prezidenti Vladimir Putinin qohumu Roman Putin uzun illər fəaliyyət göstərmiş “Putin Consulting” şirkətini ləğv etmək qərarına gəlib. Vaxtilə prezident ailəsi ilə əlaqələrini biznes üstünlüyü kimi təqdim edən sahibkarın şirkətinin son bir ildə nə gəliri, nə də işçisi olub.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Roman Putinin yeganə sahibi və direktoru olduğu “Putin Consulting” şirkətinin ləğvi proseduruna başlanması barədə qeyd oktyabrın 28-də Rusiya hüquqi şəxslərinin vahid dövlət reyestrinə daxil edilib.
Putin soyadı ilə investor cəlb edib
2014-cü ildə yaradılan şirkət xarici investorların Rusiya bazarına daxil olmasına, tərəfdaşlar tapmasına və dövlət qurumları ilə problemlərinin həllinə yardım göstərməyi vəd edirdi.
Roman Putin biznesin təhlükəsizliyinin təmin olunmasında ölkə rəhbərliyi ilə əlaqələrinin üstünlük yaradacağını açıq şəkildə bildirirdi.
Şirkət müştərilərinə dövlət orqanlarında təmsilçilik, məhkəmə müdafiəsi, biznesin zorla ələ keçirilməsinin qarşısının alınması, vergi məsləhətləri və xaricdə şirkətlərin qeydiyyatı kimi xidmətlər də təklif edirdi.
Lakin 2025-ci ildə “Putin Consulting”in nə gəliri, nə mənfəəti, nə də işçisi olub. Şirkətin balansında cəmi 10 min rubl qalıb.
Roman Putin Rusiya prezidentinin əmisi oğlu İqor Putinin oğludur. O, əvvəllər Federal Təhlükəsizlik Xidmətində (FSB), daha sonra Ryazan şəhər administrasiyasında çalışıb.
Sonradan biznesə keçərək investisiya məsləhətçiliyi, dövlət satınalmaları və digər sahələrdə fəaliyyət göstərib.
Onun digər şirkətlərində də maliyyə problemləri qeydə alınıb. Belə ki, 2025-ci ilin avqustunda vergi borclarına görə “RP-Qrupp” şirkətinin bank hesabları üzrə əməliyyatlar dayandırılıb.
Roman Putin 2020-ci ildə “Xalq korrupsiyaya qarşı” adlı siyasi partiya da yaradıb. Lakin həmin ilin noyabrında Rusiya Ali Məhkəməsi partiyanın ləğvinə qərar verib.
Hazırda o, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və Ukraynanın sanksiya siyahılarındadır.
Beləliklə, vaxtilə prezidentlə qohumluq əlaqələrini investorlar üçün etimad amili kimi təqdim edən Roman Putinin əsas konsaltinq şirkəti fəaliyyətini dayandırmaq mərhələsinə çatıb.