📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin SSRİ-ni fərqli formada BƏRPA ETMƏYİ PLANLAŞDIRIR

2021-12-14 10:48:00

Putin SSRİ-ni fərqli formada BƏRPA ETMƏYİ PLANLAŞDIRIR

Rusiya prezidentinin SSRİ-nin bərpa planı postsovet ölkələrinə real təhlükə mənbəyidir

Onun ən təhlükəli mesajı isə "Sovet İttifaqı adlanan tarixi Rusiya" ifadəsində gizlənir

Artıq ruslar özləri də nəinki SSRİ-nin bərpasını arzulayır, hətta Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəstliyin verilməsinin tərəfdarı kimi çıxış edirlər

Bu gün artıq heç kimə sirr deyil ki, hələ də "velikaya derjava" sevdasından əl çəkməyən Rusiya prezidenti Vladimir Putin SSRİ-ni bərpa etmək istiqamətində konkret və olduqca təsirli addımlar atır. Düzdür, o, özü belə bir niyyətinin olmadığını bildirsə də, ancaq sözləri ilə əməlləri heç də üst-üstə düşmür. Putinin yetərincə peşəkar və lazımı məqamda manevr etmək bacarığına malik siyasətçi olduğunu nəzərə alsaq, aydın olur ki, o, əsl məqsədini gizlətmək, daha doğrusu açıq şəkildə bəyan etməməklə, həm Qərbi qıcıqlandırmamaq, həm də keçmiş sovet respublikalarını vaxtından öncə təlaşlandırmaq niyyətindədir. Lakin görünən dağa nə bələdçi?!

Putin Lukaşenkonu mövcud çətin vəziyyətdən xilas etmək müqabilində, onu Rusiya ilə Belarusun ittifaq dövləti formatında birləşməsinə məcbur edib

Odur ki, həm yerli, həm də əcnəbi ekspertlər, buyaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında "İttifaq Dövlətinin" yaranması üçün imzalanmış və 28 istiqaməti əhatə edən sənədin, o cümlədən iki ölkə lideri tərəfindən ittifaqının hərbi doktrinasının təsdiqini və postsovet ölkələrinin vətəndaşlarının Rusiya vətəndaşlığı almalarını asanlaşdıran qanunun qəbulunu məhz SSRİ-nin bərpasına hesablanmış addımlardan olduğunu təsdiqləyə bilərlər. Qeyd edək ki, Putindən fərqli olaraq, Rusiyanın ictimai-siyasi xadimləri, həmçinin deputatları SSRİ-nin yenidən qurulması istiqamətində işlərin getdiyini etiraf edirlər. Məsələn, Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiyaya inteqrasiyası komitəsinin rəhbəri Leonid Kalaşnikov birmənalı şəkildə bəyan edib ki, Rusiya və Belarusun İttifaq dövlətində birləşməsi SSRİ-nin dirçəlişinin başlanğıcı ola bilər. Bu, azmış kimi, o, əlavə edib ki, keçmiş sovet respublikaları da bu formanın üstünlüklərini qiymətləndirərək, sonradan prosesə qoşulmaq istəyə bilər. Kalaşnikovun fikrincə, keçmiş ittifaq dövlətlərinin yeni SSRİ yaratmaq şansları çox yüksəkdir və bunun bəzi "cəlbedici keyfiyyətləri" var. Halbuki, SSRİ-nin bərpasının Azərbaycan da daxil olmaqla, heç bir postsovet ölkəsi üçün zərrə qədər də olsun cəlbediciliyi yoxdur. Bu zaman sual oluna bilər ki, elə isə nədən Belarus Rusiya ilə "İttifaq Dövlətinin" yaranmasına, dolayısıyla SSRİ-nin bərpasına razılıq verdi? Siyasətdən az-çox başı çıxan və prosesləri izləyənlərə yaxşı bəllidir ki, Qərbin təzyiqləri - siyasi və iqtisadi sanksiyaları, ölkə daxilindəki narazılıqların, ona müxalif olan milyonlarla insanın qarşısınsa duruş gətirə bilməyən Lukaşenko hakimiyyətini, eyni zamanda özünü və ailəsini, illər uzunu topladığı sərvətini real təhlükələrdən qorumaq naminə bu cür kobud və bağışlanılmaz səhvə yol verib. Yəni, Putin Lukaşenkonu mövcud çətin vəziyyətdən xilas etmək müqabilində, onu Rusiya ilə Belarusun ittifaq dövləti formatında birləşməsinə məcbur edib. Çünki Rusiyaya inteqrasiya Belarusun müstəqilliyinə və milli suverenliyinə təhdiddən başqa bir şey deyil!

Putinin nə etmək istədiyini çox gözəl dərk edən və onun planlarının nə qədər təhlükəli olduğunun fərqinə varan ABŞ-ın narahatlığı başadüşüləndir

Nəzərinizə çatdıraq ki, Kreml təxminən, eyni ssenarini digər postsovet ölkələrinə də qarşı tətbiq etməyi planlaşdırır. Məhz elə bu səbəbdən də mövcud vəziyyət Qərbi, ələlxüsus da ABŞ-ı narahat etməyə bilməz. Bu, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın məsələyə dair verdiyi son açıqlamasından da aydın şəkildə hiss olunur. Belə ki, Nuland "Rusiya prezidenti Vladimir Putin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa cəhd edə bilər", deyə ölkəsinin narahatlığını ifadə edib: "Qorxular var ki, Putin Sovet İttifaqını yenidən yaratmağa çalışır. Sonra kim bilir, onun iştahı yediyi ilə doyacaq, yoxsa daha da irəli getmək qərarına gələcək?"

Söz yox ki, Putinin nə etmək istədiyini çox gözəl dərk edən və onun planlarının nə qədər təhlükəli olduğunun fərqinə varan rəsmi Vaşinqtonun narahatlığı başadüşüləndir. Çünki Rusiya prezidenti bəzən açıq mətnlə, bəzən də üstüörtülü şəkildə keçmiş sovet respublikalarının müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə yönəlik zərərli fikirlər səsləndirib. Məsələn, Putin bugünlərdə qeyd edib ki, SSRİ-nin dağılması nəticəsində müstəqillik, suverenlik əldə edən keçmiş SSRİ respublikalarındakı 25 milyon rus insan bir gecədə Rusiyanın xaricində qalıb. "Axı Sovet İttifaqının dağılması nə idi? Bu, Sovet İttifaqı adlanan tarixi Rusiyanın dağılması idi" deyən Putinin sözlərinə görə, ölkə öz ərazisinin təxminən 40 faizini, bir o qədər də istehsal gücünü və əhalisini itirib: "Biz tamamilə fərqli bir ölkəyə çevrildik. Min il ərzində qazanılanların xeyli hissəsi itirildi". Bundan başqa, SSRİ-nin dağılmasının "faciə" olduğunu vurğulayan Rusiya prezidenti onu əvvəlki şəkildə yenidən bərpa etmək istəyənin ağlının olmadığını da bildirib.

Putin bəyan edir ki, Rusiya hər an həmin 25 milyonun "maraqlarının, hüquqlarının müdafiəsi" bahənəsilə hərəkətə keçə bilər

Beləliklə, ilk baxışdan, elə görünür ki, həqiqətən də Putin SSRİ-nin bərpasında maraqlı deyil. Lakin onun çekist olduğunu və elə buna görə də cümlələrini ehtiyatla seçdiyini, məqsədini birbaşa ifadə etməkdən bir qədər uzaq olduğunu nəzərə alsaq, o zaman onun vermək istədiyi gizli mesajlara diqqət yetirmək lazımdır. Baxın, adam deyir ki, SSRİ-nin dağılması nəticəsində müstəqillik, suverenlik əldə edən keçmiş SSRİ respublikalarındakı 25 milyon rus Rusiyanın xaricində qalıb. O bununla bəyan edir ki, Rusiya hər an həmin 25 milyonun (çox güman ki, bu gün sayları bir qədər də çoxdur - V.B.) "maraqlarının, hüquqlarının müdafiəsi" bahənəsilə hərəkətə keçə bilər. Neçə ki, artıq bunu Gürcüstan və Ukraynada edib, Qarabağda isə etməkdədir. Putinin ən təhlükəli mesajı isə "Sovet İttifaqı adlanan tarixi Rusiya" ifadəsində gizlənir. Putin bununla açıq şəkildə deyir ki, SSRİ elə Rusiyanın özüdür. Bu isə keçmiş ittifaqa daxil olan, daha doğrusu güc yolu ilə daxil edilən ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə yönəlik təhdiddən başqa bir şey deyil. Yəni, Rusiya hələ də postsovet ölkələrinin - Azərbaycan, Belarus, Ermənistan, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ukraynanın ərazisinə iddialıdır. Bundan başqa, Putinin SSRİ-ni əvvəlki şəkildə yenidən bərpa etmək istəyənin ağlının olmadığını bildirməsi sizi çaşdırmasın. Elə zənn etməyin ki, o, "velikaya derjava" sevdasından əl çəkib. Bu, əsla belə deyil. Rusiya prezidenti sadəcə olaraq, SSRİ-ni bir qədər fərqli formada bərpa etməyi planlaşdırır və sözügedən ifadəsində məhz bunu nəzərdə tutur.

Putinin "Hamının əvəzinə borcları ödədik" deməsi yersiz və məntiqsizdir, Rusiya özü öz borcunu ödəyir və bunun digər postsovet respublikalarına dəxli yoxdur

Hələ bu, harasıdır. Putin Rusiyanın SSRİ-nin borclarını ödədiyi üçün digər postsovet ölkələrinin boynuna minnət qoymağı da unutmayıb. Belə ki, axar.az-da yer alan informasiyaya görə, o, "Hamının əvəzinə borcları ödədik, amma heç də hər kəs xarici aktivlərini bizə verməklə bağlı öhdəliyi yerinə yetirmədi" deyərək, hələlik Ukraynanı ittiham edib: "90-cı illərdə Rusiya xarici maliyyə qaynağı olmadan sosial-iqtisadi məsələləri həll edə bilməzdi. Və Rusiya 90-cı illərdə çoxlu borc götürdü. Birincisi, biz 1993-cü ildə bütün ittifaq respublikalarının əvəzinə SSRİ-nin borclarını qaytarmağı üzərimizə götürdük. Rusiya bunu ona görə etdi ki, respublikalar SSRİ-dən qalan xarici aktivləri ona qaytaracaq. Hamının əvəzinə borcları ödədik, amma heç də hər kəs xarici aktivlərini bizə verməklə bağlı öhdəliyi yerinə yetirmədi. Məsələn, Ukrayna hələ də bunu etməyib". Halbuki, bu da kökündən yanlış yanaşmadır. Çünki ağızdolusu özünün SSRİ-nin varisi olduğunu bildirən Rusiyaya ittifaq dağıldıqdan sonra tərkibində 89 subyekt, o cümlədən 21 muxtar respublika olan geniş ərazi, nəhəng nüvə dövləti statusu, qitələrarası ballistik raketlər, iqtisadi və elmi-texniki potensialın təxminən, 60 faizə qədəri, zəngin təbii ehtiyatlar və sənaye fondları miras qalıb. Digər postsovet ölkələrinə isə bunun heç 10-da 1-i qədəri qalmayıb. Həmçinin, SSRİ-nin o zamankı borclarının böyük əkrəriyyəti məhz Rusiyanın tələbatına, inkişafına və digər istiqamətlərə xərclənib. Odur ki, Putinin "Hamının əvəzinə borcları ödədik" deməsi yersiz və məntiqsizdir. Rusiya özü öz borcunu ödəyir və bunun digər postsovet respublikalarına dəxli yoxdur. Necə ki, Hitler Almaniyasının borcunu müasir Almaniya, Osmanlının isə borcunu Türkiyə Cümhuriyyəti ödəyib.

Əvvəl-axır, daha doğrusu əlverişli məqam düşən kimi başda Tatarıstan və Başqırdıstan olmaqla, Çeçenistan, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Krım, digər subyekt və respublikalar müstəqilliyə can atacaqlar

Hazırda Rusiyada gedən prosesləri diqqətlə izləsəniz görə bilərsiniz ki, bu gün adıçəkilən ölkənin vətəndaşlarının böyük bir qismi Putin və onun komandasının yetirdiyi daxili, o cümlədən xarici siyasətə müxalif mövqedə dururlar. Belə ki, sadə rusiyalılar, həmçinin Rusiyanın gələcəyinə biganə qalmayan və onu gözləyən acı taleyi indidən proqnoz edə bilən ziyalı kəsim Kremlin Avropa və ABŞ-la bu cür aqressiv üslubda danışmasının, SSRİ-nin bərpası istiqamətində atılan addımların, eyni zamanda federasiya daxilindəki subyektlərin təzyiq və təsir yolu ilə əldə saxlanılmasının əleyhinə çıxış edirlər. Onlardan biri də Rusiyanın tanınmış rejissoru Aleksey Sakurovdur. Belə ki, axar.az-ın verdiyi məlumata görə, Sakurov bugünlərdə Vladimir Putinin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn konfransda ölkənin inzibati quruluşu, Qafqazın Rusiyaya aid olan hissəsində idarəetmə böhranı, bir sıra ölkələrin, o cümlədən Belarusun Rusiyanın hesabına yaşaması, ordudakı problemlər barədə sərt çıxış edib. O qeyd edib ki, Rusiya əslində bir neçə ölkəni, məsələn, Suriya və Belarusu ehtiva edir. Sokurov Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəst çıxış verməyi də təklif edib. O, güc strukturlarının "siyasiləşməsini" xatırladıb, ölkədə siyasi işlərin dayandırılmasının vacibliyindən danışıb. Putin isə öz növbəsində, rejissora müraciət edərək deyib ki, bəzi məsələlərdə düşünmək, bəzilərində susmaq, ictimai məkanda nəsə deməzdən əvvəl isə iki dəfə düşünmək lazımdır. Gördüyünüz kimi, artıq ruslar özləri də nəinki SSRİ-nin bərpasını arzulayır, hətta Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəstliyin verilməsinin tərəfdarı kimi çıxış edirlər. Çünki onlar anlayırlar ki, əvvəl-axır, daha doğrusu əlverişli məqam düşən kimi başda Tatarıstan və Başqırdıstan olmaqla, Çeçenistan, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Krım və azadlıqları zorla məhdudlaşdırılan digər subyekt və respublikalar müstəqilliyə can atacaqlar. Bu isə Rusiyanı SSRİ-nin üzləşdiyi ağır və çətin durumdan da betər günə sala bilər. Məhz elə bu səbəbdən də Sakurov kimi düşünən ziyalı kəsim Rusiya Federasiyası tərkibindəki respublikalara sözün həqiqi mənasında azad seçim verilməsini müdafiə edirlər. Putin isə ciddi cəhdlə bu cür fikirlərin qarşısını almağa, bu mövqedə olan insanlara qarşı repressiya həyata keçirməyə davam edir. Hələ bu, azmış kimi, Ukraynaya  hərbi müdaxilə etməyi planlaşdırır.

Xaqani Cəfərli: "Bu gün Ukraynada bütün postsovet ölkələrinin gələcək taleləri həll olunur" 

Qeyd edək ki, məhz bu mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, artıq Qərb Ukraynanı Rusiyanın işğalından necə qoruyacağı haqqında düşünür: "Ukrayna Rusiyanın hərbi müdaxiləsi təhlükəsi qarşısındadır. Rusiya Xarici İşlər Nazirliyi açıq mətinlə hətta Avropanı genişmiqyaslı hərbi münaqişə ilə hədələyir. Qərb isə ağlını itirmiş "Rus ayısı" ilə nə edəcəyi, Ukraynanı Rusiyanın işğalından necə qoruyacağı haqqında düşünür. Dünyanın Rusiya təhlükəsi ilə üzləşdiyi bir zamanda ən yaxşı müdafiə vasitəsi artıq bir dəfə effektliyini sübut etmiş müdafiə üsulu ola bilər. Bu üsulu qavramaq üçün Pakistan Departamentlərarası Kəşfiyyat Xidmətinin Əfqanıstan bölməsinin rəhbəri olmuş general Məhəmməd Yusifin hərbi tarixçi Mark Adkinlə birlikdə yazdığı "Ayı tələsi" kitabı Rusiya təhlükəsini aradan qaldırmaq istəyən hər bir siyasətçinin, hər bir hərbiçinin masaüstü kitabı olmalıdır. Sovet İttifaqının Əfqanistana müdaxiləsi başlayanda general Məhəmməd Yusif sovet işğalının qarşısını almaq üçün yeganə yolun nədən ibarət olduğunu belə ifadə edib: "Rus ayısı o qədər nəhəngdir ki, onu bir zərbə ilə öldürmək mümkün deyil. Ancaq ona 1000 yara vurmaqla taqətdən salıb öldürmək olar". Bu vəzifəni isə ən qədim döyüş taktikalarından ikisini - basqın və pusqudan istifadə etməklə həyata keçirmək olar".

Politoloq hesab edir ki, partizan müharibəsi aparmaq ənənələrinə malik Ukrayna xalqı bu vəzifəsinin öhdəsindən gələ bilər: "Rusiyanı uzun müddətli müharibəyə cəlb etmək və Rusiyanın daxilindəki "kül altında gözərən" milli hərəkatları alovlandırmaq lazımdır. Bunun üçün Rusiya daxilindəki və xaricindəki milli hərəkatlara maliyyə və informasiya dəstəyi, lazım olduğu halda silah-sürsat dəstəyi təmin edilməlidir. Bunun üçün Qərb dövlətləri vahid fond yaratmalıdırlar. Rusiya təcavüzünə qarşı mübarizə aparan xalqlara Rusiyanın çöküşündən sonra bu dövlətin ərazisini bölüşdürülməsində iştiraklarının təmin olunacığının zəmanəti verilməlidir". Xaqani Cəfərli haqlı olaraq onu da bildirib ki, bu gün Ukraynada bütün postsovet ölkələrinin gələcək taleləri həll olunur: "Ukraynanın işğalı rus ayısına bütün postsovet məkanın pəncəsi altına almaq imkanı verəcək. Postsovet respublikalarının müstəqilliklərinin qorxunc təhlükə qarşısında olduğu bir zaman düşünmək zamanı deyil, hərəkət etmək vaxtıdır".

Vazeh BƏHRAMOĞLU