📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin ta arxayın ola bilər, böyük kömək gəlir

2022-03-14 16:40:00

Putin ta arxayın ola bilər, böyük kömək gəlir

Rusiyanın təbliğat maşınlarının bəzi çabalarını təəssüflə izləməmək mümkün deyil: gah Rusiyadan gedən böyük şirkətlərin dalıyca “acgözdürlər, qayıdacaqlar” (Roqozin) deyirlər, gah “xoş getdilər, özümüz daha yaxşı ətli bulka düzəldərik” (Medvedyev) təskinliyinə girişirlər, gah “defolt üçün heç bir səbəb yoxdur, pulumuz çoxdur” (Sulianov) elan edirlər, gah 640 milyardlıq ehtiyatın 300 milyardının dondurulması və Çindən daha onmilyardların da donacağı ehtimalından əndişəyə düşürlər və s.

Rus mediası bir tərəfdən rublun kəskin ucuzlaşması, elektron avadanlıqların 20 dəfədən də çox bahalaşmasından yazır, milyonlarla abunəçisi olan və deməli, kifayət qədər valyuta gətirən sosial şəbəkələrin bağlanmasına məşhurlar göz yaşı tökür, digər tərəfdən isə təbliğat dayanmır, “rusofob”luqdan bəhs edir, Rusiyaya qarşı nasist hücumunu aktyorluqla, səsinin gur yerinə salaraq, Hitler hücumu ilə (əlbəttə ki, Solovyovdan söhbət gedir) müqayisə edir, İkinci Dünya müharibəsindəki qələbə yada salınır; hətta Putin də “SSRİ də ağır sanksiyalar altında yaşadı, ancaq həmişə qalib oldu” deyə bilir – ta soruşan da yoxdur ki, qalib idisə, bəs hanı o SSRİ?

Ən təəssüfedici rus mediasının, məsələn, ermənilərin keçirdiyi “dəstək aksiyasına” möhtac qalmasıdır. İki cüt-bir tək erməni Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata dəstək piketi keçirir, Rusiyanın əsas xəbər agentlikləri də bundan bir neçə xəbər qayırır və o aksiyaya çıxanlardan birinin Rusiya uğrunda Ukraynada döyüşməyə hazır olduğu haqda sözlərini həvəslə tirajlayırlar. Başlıq da belə qoyulur: “Onlarla erməni vətəndaş Ukraynada döyüşməyə hazırdır”.

Əvvəla, “onlarla erməni” milyonluq rus ordusunun apardığı əməliyyatın nəyinə lazımdır?

İkincisi, cəmi 1 il 5 ay bundan əvvəl Qarabağda başlayan hərbi əməliyyat zamanı Ermənistan ordusundan 11 min fərari olmuşdu. Nəzərə alsaq ki, bu ölkənin ordusunun rəsmi sayı heç 50 minə də çatmır, bu rəqəmin nə böyüklükdə olduğunu təsəvvür etmək çətin olmaz.

Bu ölkənin əsgərcikləri əsl əsgər görən kimi ya əsir düşür, ya da postu qoyub qaçır – uzağa getməyək, 2021-ci il 16 noyabrını yada salmaq bəsdir. Ermənistan o tərəfə qaçanları həbs etmişdi, sonra da bizim verdiyimiz əsirləri türməyə doldurmaqla məşğul oldu.

Müharibə ərzində və müharibədən keçən müddətdə Ermənistanı həmişəlik tərk edənlərin sayını artıq erməni analitik mərkəzləri itiriblər: onlar döyüş qorxusundan başlarını götürüb, ölkədən qaçırlar.

Bunlardır Rusiya uğrunda döyüşmək istəyən? Və bunlardan Rusiya özü üçün təbliğat düzəldir?..

Axar.az