Putin Türkiyəyə getməsə...
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla məlumat verir ki, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak RF Prezidenti Vladimir Putinin Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina etməsinin Rusiyanın müharibəni bitirmək istəməməsinin isbatı olacağını bildirib.
Yermak Kopenhagen Demokratik Sammitinin sessiyasındakı onlayn çıxışında deyib: "Hesab edirəm ki, Vladimir Putin Türkiyəyə getməkdən imtina edərsə bu son siqnal olacaq - yəni Rusiya bu müharibəni bitirmək istəmir, Rusiya istənilən danışığı istəmir, danışıqlara hazır deyil".
O, hazırda Rusiya rəsmilərinin Putinin Türkiyədə keçiriləcək danışıqlarda iştirakı ilə bağlı heç bir cavab vermədiklərini də əlavə edib. Baxmayaraq ki, Kiyev Prezident Vladimir Zelenskinin Türkiyədə Putinlə danışıqlara hazır olduğunu bəyan edib.
Yermak ABŞ Prezidenti Donald Trampın 12 may tarixli açıqlamasında hər iki liderin Türkiyədə olmasını gözlədiyi barəsində "qəti və aydın bəyan etdiyini" də xatırladıb.
Ukrayna Prezidentinin Ofisinin rəhbəri hesab edir ki, Rusiyanın danışıqlardan imtina edəcəyi halda, ABŞ və bütün dünya çox güclü reaksiya verməlidir. Buna Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya hərbi yardımın artırılması daxil ola bilər.
Hürr Tərcüman