"Putin Ukrayna milli identikliyini məhv etmək məqsədi güdür" - ŞAHİN CƏFƏRLİ
"Baydenin Putin haqqında "savaş suçlusu", "qəssab", "barbar" epitetlərindən sonra "soyqırımçı" ifadəsini də işlətməsi Qərbdə rusiyalı tiranın Səddam Hüseynlə eyniləşdirilməyə başlandığının növbəti əlamətidir"
"Bayden Rusiyanın Ukraynaya qarşı siyasətini soyqırım adlandırıb. Doğru təsbitdir. Burada əsas məqam işğalçı Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərin miqyası və öldürdüyü dinc sakinlərin sayı deyil. Putinin rus xalqından ayrı Ukrayna xalqının, rus dilindən ayrı Ukrayna dilinin mövcudluğunu rədd etməsi onun Ukrayna milli identikliyini tanımadığını və qəbul etmədiyini göstərir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Siyasi şərhçinin sözlərinə görə, bu, o deməkdir ki, Ukraynaya qarşı savaş birbaşa Ukrayna milli identikliyini məhv etmək məqsədi güdür: "Bunu təsdiqləyən daha bir fakt Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin bugünlərdə yazdığı məqalədə "ukraynalıların şüurunu dəyişməyi" Rusiya dövləti üçün prioritet vəzifə kimi qeyd etməsidir. Rusiya dövlət mediası "RİA Novosti"də dərc olunan yazıda isə Rusiya rəhbərliyinin Ukrayna dövləti və xalqı barədə nə düşündüyü daha açıq ifadə olunub".
Şahin Cəfərli onu da əlavə edib ki, Baydenin Putin haqqında "savaş suçlusu", "qəssab", "barbar" epitetlərindən sonra "soyqırımçı" ifadəsini də işlətməsi Qərbdə rusiyalı tiranın Səddam Hüseynlə eyniləşdirilməyə başlandığının növbəti əlamətidir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az