📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikasının üstünlüyünə şərait yaratdı" - ELXAN ŞAHİNOĞLU

2022-03-18 15:20:00

"Rusiyalı hərbçilərin başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur"

"Ukraynada davam edən müharibə dəhşətli və faciəvi olduğu qədər müxtəlif silah növlərinin testdən keçirildiyi məkana çevrilib. Rusiya hərbi texnikasının işğalçı müharibədə hələ ki, öyünəcək tərəfi yoxdur, rusiyalı rəsmilərin və generalların “nöqtə atışları həyata keçiririk”, nağılına kimsə innanmır, yaşayış binalarını necə gəldi bombalayırlar, bunun nəyi “nöqtə atışıdır”? Türkiyənin “Bayraqdarları” dördüncü məkandır ki, özünü müsbət tərəfdən göstərir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, “Bayraqdarlar” İraq və Suriya ərazisində PKK terrorçularına zərbələr endirməklə yanaşı, Liviya, İkinci Qarabağ və Ukrayna müharibəsində şöhrətini artırdı: "ABŞ və Böyük Britaniya da Ukraynaya ötürdüyü silahlar vasitəsilə hərbi texnikasını real döyüş şəratində testdən keçirir. NATO-nun rəqibi Rusiyadır və Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın tank, hərbi təyyarə və helikopterlər əleyhinə raket sistemləri tam gücüylə işləyirlər. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarının yanlış olduğuna bu aspektdən də yanaşmaq olar: Kreml sahibi Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikasının üstünlüyünə şərait yaratdı. Misal üçün ABŞ-ın “Javelin” sistemləri Ukraynada Rusiyanın tanklarını məhv etməkdədir. Bu sistemi mənimsəmək üçün xüsusi təlimə də ehtiyac yoxdur, hədəfə tərəf tuşluyursan, raket öz işini görür".

"Rusiya ordusu nədən ağır irəliləyir, işğalı yekunlaşdıra bilmir?" sualını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, birincisi, Rusiya ordusunun logistik problemləri yaranıb: "Ukrayna ordusu partizan müharibəsinə keçərək əks-hücumlarla Rusiya ordusuna hərbi texnika, ərzaq və digər yardımçı texnika daşıyan kolonları zərərsizləşdirir. Nəticədə Rusiya ordusu istifadə etdiyi mərmi və güllə sarıdan, ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar təmin olunmadan irəliləmək çətindir. İkincisi, rusiyalı hərbçilərin motivasiyası zəifdir. Onlar başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az