📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin və Lavrov anlamırlar ki, "Pandora qutusu"nun ağzını açırlar" - XAQANİ CƏFƏRLİ

2022-02-02 12:57:00

"Azərbaycan və Gürcüstan Ermənistanın KTMT-dən çıxmasını, Ermənistandakı Rusiya hərbi bazasının ləğv edilməsini tələb edə bilərlər"

"Rusiyanın avtoritar lideri Vladimir Putin bildirib ki, ABŞ və Şimali Atlantika Alyansı “təhlükəsizliyin bölünməzliyi”nin ikinci prinsipinə- “başqa dövlətlərin təhlükəsizliyi hesabına kiminsə təhlükəsizliyinin gücləndirilməsinə imkan vermək olmaz”-məhəl qoymur. Putindən əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in 1999-cu il və 2010-cu il sammitlərinin bəyannamələrinə istinad edərək, “təhlükəsizliyin bölünməzliyi”ndən danışmışdı". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun fikrincə, Putin və Lavrov bununla demək istəyir ki, Rusiya sərhədləri yaxınlığında yerləşən hər hansısa bir ölkənin, o cümlədən Ukrayna və Gürcüstanın öz təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv olmaları Rusiya üçün təhlükə yaradır və ATƏT-in rəsmi sənədlərinə ziddir: "Azərbaycan və Gürcüstan bu məntiqə əsaslanaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasını, Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğunu “təhlükəsizliyin bölünməzliyi”nin ikinci prinsipinə zidd olduğunu, bu bazanın özlərinin təhlükəsizliyi üçün təhdid olduğunu bəyan edə bilərlər. Həqiqətdə də Rusiyanın Ermənistandakı hərbi bazası Azərbaycan və Gürcüstan üçün hərbi təhdiddir. Azərbaycan və Gürcüstan Ermənistanın KTMT-dən çıxmasını, Ermənistandakı Rusiya hərbi bazasının ləğv edilməsini tələb edə, əks halda hərbi tədbirlərə əl atacaqlarını irəli sürə bilərlər. Bu zaman Rusiya istinad etdiyi ATƏT-in rəsmi sənədlərinin tələblərinə əməl etməyə, hərbi bazasını Ermənistandan çıxarmağa borcludur".

Xaqani Cəfərlinin sözlərinə görə, bu iki “ağıl dəryası” - Putin və Lavrov anlamırlar ki, “Pandora qutusu”nun ağzını açırlar: "Əfqanistanda hakimiyyəti ələ keçirən Taliban da Rusiyaya qarşı eyni məntiqlə iddia irəli sürüb tələb edə bilər ki, Rusiya Tacikstandakı hərbi bazasını bu ölkədən çıxarsın. Ümumiyyətlə, Talibanla yanaşı, Orta Asiyadakı bütün hərbi bazalarını çıxarmağı Rusiyadan tələb hüququna Pakistan, Hindistan və Çin kimi ölkələr də malikdir. Çünki “ağıl dəryası” Lavrovun və Putinin məntiqi ilə Rusiyanın Orta Asiyada hərbi bazalarının olması region dövlətləri ilə qonşu ölkələr, o cümlədən də Əfqanistan üçün təhlükə yaradır. Çünki KTMT-də NATO kimi hərbi-siyasi ittifaqdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az