“Putin Xameneidən İsrailə təmkinlə cavab verməsini istədi” – “Reuters”
Rusiya Prezidenti Vladimir Putin İranın ali dini lideri Ayətullah Əli Xameneidən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə təmkinlə reaksiya verməsini və mülki İsrail vətəndaşlarına hücumlardan çəkinməsini istəyib”.
Bu barədə “Reuters” iki yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Putin öz xahişini bir gün əvvəl İrana gedən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu vasitəsilə çatdırıb. Səfər zamanı o, ölkə prezidenti Məsud Pezeşkian və İran silahlı qüvvələrinin komandanı Məhəmməd Baqiri, həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb.
Mənbələrin məlumatına görə, Tehran öz növbəsində Moskvadan Rusiya istehsalı olan Su-35 qırıcılarının tədarükü üçün müraciət edib. \\Yeniavaz.com