Putinin güclənməsinə Tokayev NİYƏ sevinir? - ÜÇ səbəb
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qlobal geosiyasi vəziyyətin son dərəcə gərgin olduğu bir dönəmdə Rusiyanın mövqelərini gücləndirməsindən sevinib. O, sevincini Moskvada prezident Vladimir Putinlə görüşdə bu şəkildə ifadə edib:
“Prezident Vladimir Putinin Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ lideri Donald Trampla Şençjendə keçirilən üçtərəfli görüşdə iştirakı Rusiyanın ön plana çıxdığını göstərir. Mən baxırdım və tarixin inkişafının məhz bu çox mürəkkəb dövründə, geosiyasətin, necə deyərlər, coşduğu, yəni tamamilə qeyri-sabit olduğu bir vaxtda Rusiyanın ön plana, böyük dövlət kimi birinci plana çıxmasına sevinirdim. Əlbəttə ki, bu, sizin simanızda Rusiya prezidentinin böyük xidmətidir, Vladimir Vladimiroviç, və mən bu hala səmimi-qəlbdən şadam”.
Tokayevin Rusiya üçün bu qədər sevinməsinin, Putinə ünvanladığı bu sözlərin arxasında səmimi rəğbət, yoxsa geosiyasi hesablamalar dayanır?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Tokayevin Putin haqqında bu qədər yüksək fikirlər səsləndirməsi, Rusiyanın beynəlxalq mövqelərinin güclənməsinə sevindiyini açıq şəkildə bildirməsi müəyyən siyasi mesajlar daşıyır: “Burada həm diplomatik münasibətlərin qorunması, həm Moskva ilə strateji tərəfdaşlığın davam etdirilməsi, həm də Qazaxıstanın öz milli maraqlarını böyük güclər arasında balanslaşdırmaq cəhdi görünür. Qazaxıstan keçmiş sovet respublikası olmaqla yanaşı, Mərkəzi Asiyada müstəqil xarici siyasət yürütməyə, Çin, Rusiya, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə tarazlıq saxlamağa çalışan dövlətdir. Buna görə Tokayevin bəyanatını Qazaxıstanın xarici siyasət prioritetlərindən ayrı götürmək olmaz.
Tokayevin mövqeyini şərtləndirən əsas amillərdən biri Qazaxıstanın Rusiyadan iqtisadi, nəqliyyat və təhlükəsizlik baxımından asılılığının hələ də əhəmiyyətli səviyyədə qalmasıdır. İki ölkə arasında münasibətlər sadəcə qonşuluq münasibətləri deyil. Onları ortaq iqtisadi məkan, uzun quru sərhədi, enerji infrastrukturu, nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik məsələləri birləşdirir. Rəqəmlər də bu münasibətlərin miqyasını göstərir. Tokayevin Putinlə son görüşündə ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollara yaxınlaşdığını bildirməsi, iqtisadi əlaqələrin Qazaxıstan üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir”.
Ekspert onu da deyib ki, Qazaxıstanın Rusiya ilə münasibətlərində müəyyən həssaslıq yaradan tarixi və siyasi amillər də var: “Moskva postsovet məkanını ənənəvi təsir dairəsi kimi qəbul edir. Qazaxıstan isə müstəqilliyini qorumaqla yanaşı, Rusiya ilə münasibətləri kəskinləşdirməməyə çalışır. Bu baxımdan Tokayevin diplomatik ritorikasında ehtiyatlılıq və Moskvanın həssaslıq göstərdiyi məsələlərdə ona xoş gələcək mövqe sərgiləmək məqsədi də var. Burada dövlət maraqlarının, geosiyasi hesablamaların və diplomatik davranışın rolunu nəzərə almaq lazımdır. Diplomatik praktikada dövlət başçılarının bir-birinə təriflər yağdırması qeyri-adi hal deyil.
Tokayevin fikri Moskva üçün də siyasi baxımdan əhəmiyyətlidir. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Qərblə münasibətləri ciddi şəkildə gərginləşmiş Rusiyanın postsovet məkanındakı mühüm tərəfdaşlarından birinin dövlət başçısından belə fikirlərin səsləndirilməsi Kremlin beynəlxalq səviyyədə təcrid olunmadığı barədə siyasi mesaj kimi təqdim edilə bilər”.