"Putinin rublla bağlı son qərarı təkrar qiymət artımlarına, qıtlığa səbəb olacaq" - QUBAD İBADOĞLU
"Düşünürəm ki, Rusiyanın bu qərarı tam işləməyəcək, yalnız MDB çərçivəsində, əsasən də Aİİ ölkələrinə və Çinə münasibətdə qismən icra oluna bilər"
"Hərbi müstəvidə müharibəni uduzan Rusiya ticarət tərəfdaşlarına qarşı "taxıl" silahından, "enerji" silahından istifadə edir. Martın 15-dən taxıl ixracını qadağan etdikdən sonra Putin dünən nefti-qazı rubla satmaq barədə hökümətə 1 həftə ərzində təkliflər hazırlamaq tapşırığı verib. Bildiyiniz kimi, Rusiyanın xarici ticarətdə hesablaşmalarının 55 faizi dollarla, 30 faizi avro ilədir, yerdə qalanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri, Türkiyə və Çinlə milli valyuta ilədir". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu qeyd edib.
Hazırda Rusiya banklarına dollar satmaq qadağasının mövcud olduğunu vurğulayan partiya sədri hesab edir ki, belə olan halda qısa müddət ərzində ticarət əməliyyatlarında hesablaşmaları zəif rublla aparmaq mümkün deyil: "Çünki rublla yığımı olmayanlar bunu edə bilməyəcəklər. Bu bir tərəfdən Rusiyanın mallarının satışına, digər tərəfdən də alışına problem yaradacaq. Düşünürəm ki, Rusiyanın bu qərarı tam işləməyəcək, yalnız MDB çərçivəsində, əsasən də Aİİ ölkələrinə və Çinə münasibətdə qismən icra oluna bilər. Bu da son nəticədə xarici ticarətdə Rusiya və onun enerji daşıyıcılarının alıcısı olan Avropa üçün problemlər yaradacaq".
Qubad İbadoğlunun sözlərinə görə, bu qərar təkrar qiymət artımlarına, qıtlığa səbəb olacaq: "Üstəlik də nəzərə alsaq ki, problem yalnız zəif rublda deyil, həm də Rusiya ilə bank əməliyyatlarındadır. Mətbuatda bunun Ermənistan üçün problem yaradacağını yazanlara bildirmək istərdim ki, rublla hesablaşma tələbi yalnız təbii qaza deyil, bütün mallara şamil olunacaq. Beləliklə Azərbaycanla da ticarət əlaqələrində problemlər yaradacaq. Biz də buna hazır olmalıyıq, unutmayaq ki, Rusiya idxalda Azərbaycanın 1 nömrəli tərəfdaşıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az