Putinin seçki testi: Müharibə fonunda Rusiya cəmiyyəti sözünü deyir...
Rusiyada bu gün Dövlət Dumasına seçkilər başlayıb. Üç gün davam edəcək səsvermə sentyabrın 20-də başa çatacaq. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra keçirilən ilk parlament seçkisidir və nəticələri ölkənin daxili siyasi mənzərəsi ilə yanaşı, Moskvanın müharibə fonunda cəmiyyətin dəstəyini necə qiymətləndirdiyi baxımından da diqqət çəkir.
Seçkilərdə Rusiya Dövlət Dumasının 450 deputatı müəyyənləşəcək. Mandatların yarısı partiya siyahıları, digər yarısı isə birmandatlı dairələr üzrə seçiləcək. Səsvermə ilə yanaşı, Rusiyanın bir sıra regionlarında qubernator və regional qanunverici orqanlara seçkilər də keçirilir. Ümumilikdə federal və regional səviyyədə 2 mindən çox seçki kampaniyasının keçirilməsi planlaşdırılıb.
Hazırkı seçki kampaniyasının əsas xüsusiyyətlərindən biri siyasi rəqabətin məhdud olmasıdır. Parlamentdə dominant mövqeyə malik olan “Vahid Rusiya” yenidən əsas siyasi qüvvə kimi seçkilərdə iştirak edir. Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Ədalətli Rusiya-Həqiqət uğrunda” və “Yeni insanlar” kimi digər partiyalar da mübarizədədir. Eyni zamanda müharibəyə qarşı mövqeyi ilə seçilən “Yabloko”nun federal siyahısı seçkidən kənarda qalıb.
Rusiya Prezidenti Vladimir Putin seçkiləri ölkənin Ukraynadakı müharibəyə münasibəti baxımından da əhəmiyyətli göstərici kimi təqdim edib. Kreml seçki prosesini milli birlik və ölkənin xarici təzyiqlər qarşısında mövqeyinin nümayişi kimi qələmə verir. Digər tərəfdən, beynəlxalq media və müşahidəçilər seçkilərdə real siyasi rəqabətin məhdud olduğunu vurğulayırlar.
Sentyabr seçkiləri təkcə Dövlət Dumasının yeni tərkibinin formalaşması deyil, həm də Kremlin müharibə, iqtisadi çətinliklər və Qərbin sanksiyaları fonunda cəmiyyətdəki siyasi vəziyyəti ölçməsi baxımından diqqət çəkir. Seçkilərin nəticələri Moskvanın daxili siyasəti ilə yanaşı, Ukrayna müharibəsi və Rusiyanın xarici siyasət kursu baxımından da müəyyən mesajlar verə bilər.
Rusiyada keçirilən bu parlament seçkilərinin əvvəlki seçkilərdən əsas fərqi nədir?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a deyib ki, Rusiya Federasiyası Dövlət Dumasına keçirilən seçkilər hüquqi, institusional və siyasi sistem baxımından əvvəlki seçki kampaniyalarından müəyyən xüsusiyyətlərinə görə fərqlənir:
“İlk növbədə cari seçkilər ölkənin yeni xarici siyasi və təhlükəsizlik reallıqları fonunda baş tutan ilk federal parlament seçkisidir. Hüquqi müstəvidə bu proses konstitusiya rejiminin sabitliyinin və dövlət idarəçilik mexanizmlərinin kənar təsirlər şəraitində fasiləsiz fəaliyyətinin sınağı kimi çıxış edir. Əvvəlki dövrlərdən fərqli olaraq, seçki qanunvericiliyinə edilən dəyişikliklər cəmiyyətin dövlət xətti ətrafında konsolidasiyasını münaqişə şəraitində təmin etməyə yönəlib. Seçki prosesinin təşkilində rəqəmsal və hüquqi alətlərin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib. Məsafədən Elektron Səsvermə sisteminin daha çox regionu və seçicini əhatə etməsi, eləcə də səsvermənin üç gün müddətində keçirilməsi proseduru rəsmi səviyyədə vətəndaşların iştirakçılığını artırmaq və səsvermənin təhlükəsizliyini təmin etmək vasitəsi kimi əsaslandırılır.
Siyasi partiya spektrinin formalaşmasında da fərqli mənzərə mövcuddur. Seçki bülletenlərinə daxil edilən partiya siyahıları və namizədlər əsasən dövlətin xarici və daxili siyasi kursu ilə bağlı konseptual məsələlərdə konsensus nümayiş etdirən qüvvələrdən ibarətdir. Hüquqi prosedurlara və məhkəmə qərarlarına uyğun olaraq siyasi spektrin tənzimlənməsi parlamentdə daxili siyasi sabitliyin qorunması məqsədi ilə əsaslandırılır.
Lakin bütövlükdə Dövlət Dumasına keçirilən bu seçkilərin ölkə həyatında köklü dəyişikliklərə yol açacağını gözləmək sadəlövhlük olar ki, bu da daha çox cari hüquqi, institusional və siyasi idarəetmə mexanizmlərinin xüsusiyyətləri ilə bağlıdır”.
Deputatın fikrincə, parlamentdə təmsil olunacaq əsas siyasi partiyalar dövlətin xarici siyasi kursu və təhlükəsizlik prioritetləri məsələsində konseptual konsensusa malikdirlər: “Bu səbəbdən mandatların partiyalararası nisbətində dəyişikliklər baş versə də, qanunverici orqanın ümumi strateji xətti dəyişməz qalır. Həmçinin, Rusiya Federasiyasının Konstitusiya quruluşuna əsasən, xarici və daxili siyasətin ana xətlərini müəyyən etmək səlahiyyəti icra hakimiyyətinə-Prezident institutuna məxsusdur. Dövlət Duması sadəcə bu kursun hüquqi bazasını, büdcə təsbitini və qanunvericilik təminatını həyata keçirən mexanizm rolunda çıxış edir. Siyasi spektrin tənzimlənməsi və alternativ konseptual proqramlar təklif edən qüvvələrin prosesdə yer almaması seçkilərin nəticələrindən doğacaq kəskin siyasi dönüş ehtimallarını istisna edir. Yəni, seçkilər konstitusion prinsipləri rəhbər tutaraq idarəetmə sisteminin legitimliyini növbəti 5 illik dövr üçün təsbit etmək, mövcud sosial-iqtisadi şəraitdə cəmiyyətin daxili stabilitəsini qiymətləndirmək və dövlət aparatının fasiləsiz fəaliyyətini hüquqi baxımdan təmin etmək məqsədinə xidmət edir”.