Putinin “sülhməramlıların səylərinə son dərəcə tələbat var” bəyanatının gizlinləri
Rusiya sülhməramlılarının inamı sürətlə itirməsi fonunda əlavə kontingentin bölgəyə yerləşdirilməsi ehtimalı normal qarşılanmır; istisna deyil ki, müstəqil heç nəyi olmayan forpost Ermənistanın sərhədləri rusların nəzarətinə keçəcək; ekspertlərimiz deyir ki...
15-16 noyabrda Ermənistanın Azərbaycana qarşı xain hücumunun qarşısı qətiyyətlə alındıqdan və sonrakı günlərdə xırda təxribat cəhdləri olduqdan sonra Rusiya prezidenti Vladimir Putinin məsələyə reaksiyası hələ də müzakirə olunmaqdadır.
Rusiya liderinin “Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”, söyləməsi müxtəlif cür yozulur. Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bu barədə danışan Putin qeyd edib ki, sabitliyi təmin etmək, atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var. Onun sözlərinə görə, şübhəsiz Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolu artır. V. Putin xatırladıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb: “Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla, regionun bütün ölkələri bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.
Qeyd edək ki, V.Putin biraz əvvəl “Rusiya sülhməramlı kontingenti əldə olunmuş barışığın qarantıdır”, deyərək situasiyadan razılığını ifadə etmişdi. MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında o demişdi ki, “Rusiyanın fəal köməyi ilə münaqişəni (Qarabağ münaqişəsini-red.) dayandırmaq mümkün oldu. Rusiya sülhməramlıları isə əldə olunmuş barışığın təminatçısıdır. Bizim köməyimizlə humanitar yüklərin daşınması, ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Həyat təminatı sistemi bərpa olunur”, - o deyib. Onun sözlərinə görə, bütün bunlar “müharibənin xeyrindənsə, sülhün ziyanı yaxşıdır” deyimini bir daha təsdiq edir: “MDB-nin əsas rolu isə sülh şəraitində əməkdaşlıq üçün şəraitin yaradılmasından ibarətdir”.
Amma təqribən bir ay sonra Rusiya prezidenti məsələnin bitmədiyi haqda qənaətini bölüşdü. Bunu bəzi siyasi qruplar cəmiyyətə Rusiyanın yeni hərbi kontingentinin Azərbaycana gələcəyi kimi izah etməyə çalışır. Eyni zamanda hadisənin sərhəddə baş verməsi, qarşılıqlı itkilərin olmasının ardınca Rusiya liderinin belə bir anonsla çıxış etməsi həm də o ehtimalı yaradır ki, şimal qonşumuz Ermənistan-Azərbaycan sərhədində də öz kontingenti ilə “sədd” çəkməyi planlaşdırır. Düzdür, İrəvanla anlaşmaya əsasən, Ermənistanın sərhədlərinin mühafizəsi Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazadakı hərbçilərinə aid məsələdir. Ancaq reallıq budur ki, Ermənistanın Rusiya və Qərb arasında “var-gəl siyasəti” yürütməsi, həmçinin ön xətdə gərginliyin artması Rusiyanı hələ ki proseslərdə müşahidəçi statusunda çıxış etməyə sövq edir. O da istisna olunmur ki, Moskva hadisələrin son mərhələsində özünün mövcudluğunu nümayiş etdirməyə üstünlük verir. Xüsusilə Tovuz istiqamətində atəş səslərinin eşidilməsi o ehtimalı yaradır ki, Ermənistan Qarabağdan kənar ərazilərdə süni gərginlik yaratmaqla Rusiya hərbçilərinin prosesə cəlb olunmasına səy göstərir. Hətta bu istiqamətdə addımlar da atılıb, Rusiya və KTMT-yə kömək üçün müraciət etməklə, davamlı telefon əlaqələri saxlamaqla.

Yeri gəlmişkən, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Şuşada olarkən demişdi ki, gəlişindən 2,5 saat əvvəl törədilən terror aktı Qafqazda sülhə, Azərbaycan Ordusuna, eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlmişdi. “Şuşa yaxınlığında terror aktı Laçın dəhlizinin funksiyasını da şübhə altına alır. Bu terror aktı Laçın dəhlizində təhlükəsizlik strukturunun gücləndirilməsini və ya dəyişdirilməsini zəruri edə bilər”, Markov əlavə etmişdi. Azərbaycana dost münasibətində olan rusiyalı ekspert də əlavə qüvvələrə ehtiyac ola biləcəyinə işarə etmişdi. Bu mənada prezident Putinin dediklərinə həssas yanaşmaq təbiidir.
Bəs gerçəklik nədən ibarətdir? Putinin bəyanatının üstündən artıq 4-5 gün keçir, emosiyalar da sakitləşib. Müşahidəçilər necə hesab edirlər, hüquqi baza varmı Rusiya sülhməramlı kontingentin sayının artmasına? Həmçinin başqa sərhəd bölgələrinə, məsələn, Tovuzla sərhədə yerləşdirmək mümkün ola bilərmi?

Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında öncə Ermənistan hakimiyyətinin məqsəd və məramlarından bəhs etdi: “Regionda ənənəvi sifarişçilərinin təlimatılarını icra etməklə, onların Cənubi Qafqaza təsir imkanlarını qoruyub saxlamağa çalışan Nikol Paşinyanın sülhməramlılarla bağlı söylədikləri konkret əməli addımları ilə sözlə balans yaratmaq niyyəti daşıyır. Bu, Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən sərgilədiyi davranışdır. Qərbdə, Fransa və ABŞ-ın bəzi ermənipərəst institutlarının mətbəxindən çıxan texnologiyadır”. Rusiya sülhməramlılarının regiondakı mövcudluğuna gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, buna iki ayrı kontekstdən yanaşmaq mümkündür: “Bunlardan birincisi 10 noyabr bəyanatının müddəalarına əsasən, Rusiya sülhməramlılarının Azərbaycanın hələlik yalnız etnik ermənilərin yaşadığı ərazilərində müvəqqəti missiyası ilə bağlıdır. Sülhməramlıların Azərbaycan ərazilərindəki mövcudluğu 10 noyabr bəyanatının 1-ci müddəası ilə müəyyənləşir və sözün doğrusu, bu müddəanı onların fəaliyyəti üçün yetərli hesab etmək mümkün deyil. Rusiya sülhməramlıları ya BMT-nin sülhməramlı missiyaları ilə bağlı ümumi doktrinasının prinsiplərindən çıxış etməlidir, ya da onların ölkəmizin ərazisindəki mövcudluğunu fəaliyyətlərinin konkret sərhədlərini müəyyənləşdirmək şərtilə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, hüquqi əsasları yaradılmalıdır. Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycanın müvafiq xəritələrlə müəyyənləşdirilmiş, beynəlxalq səviyyədə tanınmış legitim sərhədlərində yerləşdirilməsi barədə qərar rəsmi İrəvan tərəfindən verilməli və Rusiya sərhədçiləri də Ermənistan ərazisində yerləşdirilməlidir. Bunun üçün hər hansı əlavə sənədin hazırlanmasına ehtiyac yoxdur”.
E.Mirzəbəyli digər mühüm məqamlara da diqqət çəkdi: “Ermənistanla Rusiya arasında 1992-ci il sentyabrın 30-da imzalanmış ”Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının statusu və fəaliyyətinin şərtləri" haqqında müqaviləyə əsasən, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Sözügedən müqaviləyə Azərbaycanın da adını əlavə etməklə bu məsələni həll etmək olar. Bunun üçün əlavə hər hansı sənədin imzalanmasına ehtiyac yoxdur. Əgər Azərbaycan Rusiya və Ermənistanla sərhədlərin qorunması ilə bağlı hər hansı üçtərəfli sənəd imzalayarsa, bu, Azərbaycanın suveren hüquqlarına və sərhədlərinin toxunulmazlığına müdaxilə etmək üçün formal da olsa, zəmin yaradacaq ki, rəsmi Bakının belə bir addım atacağının mümkün olmayacağı qənaətindəyəm. Bu baxımdan da, hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında olan sərhədin Ermənistan ərazisindən qorunması ilə bağlı məsələ rəsmi Moskva və İrəvan arasında həll olunmalıdır. Biz öz sərhədlərimizin indiyədək özümüz qorumuşuq, bundan sonra da belə olacaq".

Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, Rusiya prezidentinin öz sülhməramlıları haqqında dedikləri əsl həqiqəti əks etdirmir: “Əslində o, belə deməlidir, belə danışmalıdır. Amma şəxsən mənim üçün Rusiya sülhməramlıları adı altında Qarabağda olan silahlı birləşmənin varlığı o terorçu Norayr Mirzoyan məsələsində bitdi-öldü. Bu adamlar bu boyda hadisə haqqında bu vaxta kimi bir söz belə deməyiblər. Üstəlik, 3 Azərbaycan igidinin terrora məruz qalmasını sanki görmədilər və saymadılar. Bunun adı nədir? Ona görə də bu hadisə rusların necə ”sülhməramlı olduqlarını" nümayiş etdirdi, onların iç üzünü açdı və bütün dünyaya göstərdi. İndi biz xalq və dövlət olaraq bu və bundan sonra bunların bölgədə özlərini yekəxana və saymazyana aparmaqlarının qarşısının alınması haqqında daha çox düşünməli və addımlar atmalıyıq". Polkovnikin dözlərinə görə, heç bir halda rəsmi qaydada Rusiya kontingentinin artmasına imkan verməməliyik: “Eyni zamanda qarşıda bizi necə çətin bir prosesin gözlədiyinin fərqində olmalıyıq. Gerçəklik odur ki, bölgəyə gələndə tamam başqa əhval-ruhiyyədə olan rus sülhməramlıları məqsədlərinə nail olduqdan sonra başladılar digər çirkin və namərd planlara əl atmağa. Sən demə, onlar bura sırf erməni maraqlarını təmin etmək üçün gəliblər. Atdıqları bütün addımlar sırf erməni-rus marağını təmin edən addımlardır. Bunu artıq heç gizlətmirlər də. Bu isə daha təhlükəli və qorxuludur. Ona görə də, Rusiya prezidentinin sözləri qeyri-səmimidir və bu, onun yaxın gələcəkdə Qarabağda daha irimiqyaslı fəlakətlərin yaşanması üçün zəmin hazırladığına şəksiz sübutdur”. Ü.Cəfərovun fikrincə, rus sülhməramlılara hüquqi baza da tanınmamalıdır: “Bunlara hələ hər hansı bir səlahiyyət və mandat verilməyib, özlərini bölgənin ağası kimi aparırlar. Bunlara azca imkan və şərait yaradılsa, gör hansı hoqqalardan çıxarlar. Mən şəxsən çox narazı və narahatam rusiyalı kontingentin həm fəaliyyətindən, həm də mövcudluğundan”.
Rusiya sülhməramlılarına qarşı gündən-günə cəmiyyətdə etirazlar artmaqdadır və bunun da yuxarıda qeyd olunduğu kimi, əsasları var. Əgər Azərbaycan hərbçilərinə qarşı Şuşa yaxınlığında törədilən terror cəhdi ilə bağlı sülhəmanlıların həftəlik bülletenlərində belə bir kəlmə əks olunmadısa, üstəlik, terrorçu Qarabağdakı cinayətkar quruma təhvil verildisə, əlavə şərhə ehtiyac qalmır. Amma Rusiya sülhməramlılarını “təmizə” çıxartmağa cəhd göstərirlər. Rusiyanın Müdafiə Nazirliyinin son açıqlamasına diqqət çəkək: “Sülhməramlı kontingent cavabdeh olduğu ərazidə mümkün insidentlərlə bağlı xəbərdarlıq səylərini koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə daimi qarşılıqlı əlaqə saxlayır”. Açıqlamada bildirilir ki, sülhməramlılar gecə-gündüz vəziyyətin monitorinqini aparır və Laçın dəhlizi boyu 27 postda atəşkəs rejiminin təmin olunmasına nəzarət edir.
Məntiq və sadalanan faktlar isə həqiqətin başqa olduğunu deyir. Belə olan halda, heç şübhəsiz, Azərbaycan xalqı bölgəyə əlavə hərbi qüvvənin yerləşdirilməsini nəinki qəbul etməyəcək, hətta mövcud kontingentin daha tez çıxarılmasını haqlı olaraq tələb edəcək. Amma o da istisna deyil ki, müstəqil heç nəyi olmayan forpost Ermənistanın sərhədləri rusların nəzarətinə keçəcək...