Putinin Ukraynaya atdığı raketlərin ümumi dəyəri hesablandı...
Müharibə zamanı Rusiya işğalçıları Ukraynaya 1300 raket atıblar ki, bu da işğalçı dövlətə ən azı 7,5 milyard dollara başa gəlib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın “Forbes” nəşri yazıb.
Rusiya hərbçiləri Ukrayna ərazisinə 235 “Kalibr” raketi atıb: bu rəqəmə Müdafiə Nazirliyinin məlumatına görə, martın 24-dən əvvəl atılan 183 raket və martın 26-da atılan 52 raket daxildir.
Həmçinin, atılan “İskəndər”, “Toçka-U” və “X” sinfinə aid raketlərin sayı ilə bağlı dəqiq statistika yoxdur. Lakin güman edilir ki, onların nisbəti martın 24-də olduğu kimi qalıb. O zaman Ukrayna Müdafiə Nazirliyi raketlərin 62%-nin “İskəndər”, 30%-nin “X” sinfinə aid raketlərə, 8%-nin isə “Toçka-U”ya düşdüyünü bildirib.
Raketlərin qiyməti çox fərqli ola bilər. "Military Russia" saytının məlumatına görə, "Toçka-U" 2006-cı ildə Hindistanla ixrac müqaviləsinə uyğun olaraq 300 min dollar, "Kalibr"in qiyməti isə 6,5 milyon dollar qiymətləndirilir. "X-101" sinfinə aid raketlər "Kalibr"dən daha müasir və təkmildir, buna görə də ekspertlərin fikrincə, onlar "Kalibr"dən bir neçə dəfə bahadır.
Bu minvalla Ukraynaya atılan raketlərin ümumi dəyəri təxminən 7,5 milyard dollardır.