📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putinin yeni ili görməsi BÖYÜK MÖCÜZƏ OLACAQ"

2022-09-27 11:17:00

Xaqani Cəfərli: "Artıq hərbi səfərbərliyə qarşı baş qaldıran etirazlar məcrasından çıxmaq ərəfəsindədir"

Ərəstun Oruclu: "Səfərbərlik kortəbii şəkildə aparılır və belə olduqda da Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"

Rusiyada qismən səfərbərlik elan olunduqdan bir qədər sonra, daha dəqiq desək, sentyabrın 23-dən 27-dək Ukraynanın rus qoşunlarının nəzarətində olan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində Rusiyaya subyekt kimi qoşulmaq üçün referendum başlayıb. Bununla bağlı axar.az-da yer alan məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton yaxın günlərdə sözügedən "referendum"un keçirilməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

Bu arada, Britaniya kəşfiyyatının yaydığı informasiyada isə deyilir ki, Rusiya səfərbərlik üçün lazım olan hər şeyi təmin etməkdə çətinliklərlə üzləşir və səfərbər edilənlər minimal təlimdən sonra cəbhəyə göndərilir: "İlk səfərbərlik qrupları artıq bazalara gəlir, on minlərlə çağırış vərəqəsi verilib. Bir çox Qərb tipli ordulardan fərqli olaraq, Rusiyada yeni çağırışçılar ilk təlimləri müəyyən təlim mərkəzlərində deyil, xüsusi bölmələrdə keçirlər. Səfərbər olanların çoxu əllərinə heç vaxt silah almayıblar. Təlimatçıların olmaması, Rusiyanın səfərbərliklə bağlı tələskən qərarı, onu deməyə əsas verir ki, əsgərlərin çoxu minimum lazımi hazırlıqla ön cəbhəyə atılacaq və onların da böyük itkilər verəcəyi ehtimalı var".

Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı məsələyə gəlincə, ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, ölkəsinin bununla bağlı dəqiq hərəkət planı var: "Ruslara açıq şəkildə nüvə silahları barədə danışmamaq xəbərdarlığı etmişik. Bu məsələdə Moskvanın qarşılaşacağı ağır nəticələri bizdən öyrənməsi çox vacibdir". Ukrayna prezidenti Vladimir Zelenski isə hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidləri aldadıcı gediş deyil: "Dünya indi işğalçı dövlətin başçısına qarşı təzyiqləri davam etdirməli, oxşar ritorikanın qarşısını almalıdır. O bütün dünyanı qorxutmaq istəyir. Bu, onun nüvə şantajının ilk addımlarıdır. Düşünmürəm ki, o, gediş edir. Düşünürəm ki, dünya onu bu təhlükəni törətməkdən saxlayır. Davam etməliyik. Ona təzyiq etmək lazımdır".

"Bütün Rusiya boyu hərbi səfərbərliyə qarşı baş qaldıran etirazlar sərt xarakter almaqdadır, hərbi komissarlıqlara, hakim partiyanın qərargahlarına və dövlət idarələrinə hücumlar artıb"

Beləliklə, "Hürriyyət"ə açıqlamasında Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ilk 4 gün ərzində Rusiyanı 261 min nəfərin tərk etdiyini qeyd edən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, elə bir vəziyyət yaranıb ki, Rusiya vətəndaşları ölkə sərhədlərini qanunsuz yolla keçməyə başlayıblar: "Rusiyanı əsasən mütəxəsislər tərk edir. Onların arasında isə mühəndislər, xüsusilə də informasiya texnologiyaları mühəndisləri və proqramçılar üstünlük təşkil edir. Rusiyanı tərk etməyən mütəxəsislərin bir hissəsi də orduya səfərbər ediləcək. Bütün bunların mənfi təsiri isə tezliklə cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində müşahidə olunacaq. "Aqora" hüquq-müdafiə təşkilatının rəhbəri Pavel Çikov bildirib ki, Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti hərbi komissarlıqların tələbi ilə Rusiya vətəndaşlarının ölkədən çıxışını qadağan etməyə başlayıb. Elə bir vəziyyət yaranıb ki, Rusiya vətəndaşları ölkə sərhədlərini qanunsuz yolla keçməyə başlayıblar. Bütün Rusiya boyu hərbi səfərbərliyə qarşı baş qaldıran etirazlar sərt xarakter almaqdadır. Hərbi komissarlıqlara, hakim partiyanın qərargahlarına və dövlət idarələrinə hücumlar artıb. Qismən hərbi səfərlik elan olunduqdan sonra Sankt-Peterburq, Nijniy Novqorod, Orenburq, Amur, Xabarovsk, Krasnoyarsk, Kalinqrad, Mordoviya və digər vilayətlərdə hərbi komissarlıqlara, Samara, Volqoqrad, Altay və Leninqrad vilayətlərində inzibati binalara, Başqırdıstanda isə hakim "Vahid Rusiya" partiyasının qərargahına hücum olub. Qismən hərbi səfərbərlik çağrışına etiraz olaraq vətəndaşlar dövlət və ictimai binaları yandırmağa çalışırlar".

Politoloq hesab edir ki, artıq hərbi səfərbərliyə qarşı baş qaldıran etirazlar məcrasından çıxmaq ərəfəsindədir: "Şimali Qafqazda vəziyyət xüsusilə təhlükəli vəziyyət almaqdadır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib ki, Moskva nüvə silahından istifadə edərsə, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə sərt cavab verəcəklər. Bu isə fəlakətli nəticələrə səbəb olacaq. ABŞ dövlət katibi Entoni Blinken isə CBS telekanalına deyib ki, Rusiyanın nüvə silahından istifadəsinə qarşı Ağ Evin mübarizə planı var. Bütün bu məlumatları bir araya gətirdikdə belə qənaət yaranır ki, qəsbkar diktatorun və ümumilikdə Rusiyanın yeni ili görməsi böyük möcüzə olacaq".

"Putin hakimiyyətdən kənarlaşdırılacağı halda daxildə və Ukrayna cəbhəsində dönüş yaranmayacaq, çünki..."

Siyasi şərhçi Ərəstun Oruclu isə bu qənaətdədir ki, Putinin qismən səfərbərlik elan etməsinin başlıca izahı dünyanın "ikinci" ordusunun Ukraynadakı əvvəldən gözlənilən fəlakətli məğlubiyyətidir: "Rusiya ordusunun Ukraynadakı məğlubiyyəti artdıqca gərginlik daxili siyasi müstəviyə keçir və Putinin hakimiyyətinə yaranmış təhlükəni artırır. "Niyə qismən səfərbərlik?" sualının cavabı da elə bundadır. Belə ki, tam səfərbərlik faktiki hərbi vəziyyət deməkdir, bu isə öz növbəsində, ordunun və bütovlükdə hərbi qanadın ölkəyə, siyasətə, hakimiyyətə təsirinin artmasıdır. Putinin təmsil etdiyi KGB-FSB oliqarxiyası üçün bu, ən yolverilməz ssenari demək olardı. Odur ki, öz hakimiyyətini qorumağa çalışan casus komandası çox güman ki, buna Putini qurban verməklə nail olmağı planlaşdırır. Bu mənada, həmin komandanın özünün ən təhlükəli rəqibi olan orduya əlavə səlahiyyətlər verməsi öz məhvinə imza atmaq olardı. Qismən səfərbərlik də ilk növbədə bununla izah edilə bilər. Amma yeganə səbəb hakimiyyətdaxili mübarizə deyil, həm də hətta qismən səfərbərliyə də qarşı Rusiyanın böyük şəhərlərində başlayan etirazlardır. Etirazlar isə bütün kriminal-kreptokratik rejimlər üçün ən böyük təhlükə mənbəyidir. Daha bir səbəb isə tam səfərbərlik üçün həm də rəsmi müharibə elan olunması zərurətidir. Bu da Kremlin bugünkü sahibləri üçün başqa bir yolverilməz hal olardı. Müharibə elan olunması onsuz da beynəlxalq təcridə məruz qalan Moskvaya qarşı daha sərt addımların atılmasına rəvac verərdi. Rusiyanın dünyadakı rəqibləri isə buna çoxdan hazırdır və bu halda artıq müharibə təsisatları var gücü ilə işə düşəcək".

Siyasi şərhçi qeyd edib ki,  Rusiyada onun Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində baş verə biləcək siyasi gərginlik öz qızmar fazasına keçməkdədir: "Dünyanı nüvə silahı ilə təhdid edən Putinin və onun komandasının daha çox daxili durumdan narahatlığı göz önündədir. Bu da təbiidir, çünki Rusiya tipli rejimlərin ən qatı düşməni onların onilliklər boyu düşmən kimi davrandığı xalqlarıdır. Amma atılan və atılacaq bütün preventiv addımlara rəğmən, Rusiyanın qeyri-sabitlik burulğanına daxil olacağı artıq obyektiv reallıqdır. Bundan qismən qaçmağın yeganə yolu Putinin hakimiyyətdən kənarlaşdırılmasıdır. Bunun da yaxın zamanlarda baş verəcəyi qaçılmazdır, çünki Rusiyanın buna alternativ ola biləcək yolu kimi daxildə sərt rejim tətbiq etmək üçün də resursları tükənməkdədir. Qaldı Putinin hansı şəkildə yola salınmasına bu, artıq texniki məsələdir. Rus dövlətinin belə işlərdə azı 300 illik təcrübəsi var".

Ərəstun Oruclu hesab edir ki, Putin hakimiyyətdən kənarlaşdırılacağı halda daxildə və Ukrayna cəbhəsində dönüş yaranmayacaq: "Çünki Ukraynanın öz torpaqlarını işğaldan tam azad etməkdə israrlı olması Rusiya ordusunun məğlubiyyətinin davamı, bu da öz növbəsində daxili gərginliyin artması demək olacaq. Putin rejimin çöküşü və hətta onun dekorativ dəyişikliyi belə, Rusiyanın postsovet ölkələrdəki, o cümlədən də Azərbaycandakı əlaltılarının da məğlubiyyətinə yol açacaq. Bu da postsovet məkanda yeni ictimai-syasi eranın başlanğıcı üçün şans demək olacaq. Şans isə hələ heç də mütləq baş verəcək reallıq demək deyil. Onu da qeyd edim ki, səfərbərlikdən qaçanlar arasında dünənə qədər Putinin Ukraynaya hərbi təcavüzünə dəstək verənlər də var və burada qeyri-adi heç nə yoxdur. Müharibəni, işğalı dəstəkləyənlərin mütləq əksəriyyəti bir qayda olaraq bunu öz maraqlarına toxunanadək edirlər. Məsələnin başqa bir aspekti də səfərbərliyin əslində hansı həcmdə və hansı formada keçirilməsidir. Yayılan məlumatlara istinadla demək olar ki, bu, ən kortəbii şəkildə aparılır və belə olduqda da Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır".

Vazeh BƏHRAMOĞLU