“PUTİNLƏ DÖYÜŞDƏ YALNIZ SOL ƏLİMDƏN İSTİFADƏ ETMƏYƏ HAZIRAM” - İlon Mask Rusiya prezidentini müdafiə edən Kadırova cavab verdi
“SpaceX”-in rəhbəri İlon Maskın Rusiya prezidenti Vladimir Putini Ukrayna uğrunda təkbətək duelə çağırmasından sonra, Çeçenistan rəhbəri Ramzan Kadırov Kremlin rəhbərini müdafiə edib.
Hurriyyet.az xəbər verir ki, “Telegram”-dakı paylaşımında Kadırov Maska “İlona” qadın adı ilə müraciət edərək, “Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi” təklif edib.
Mask bunun cavabında Putinə həddindən artıq üstünlük verəcəyini bildirib və yalnız bir əlindən istifadə etməyi təklif edib.
"Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hətta solaxay da deyiləm", - Mask Kadırova bildirib.

Eyni zamanda, İlon Mask Twitter-də özünü ironik şəkildə “Elona Musk” adlandırıb.

Xatırladaq ki, daha əvvəl “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı və ixtiraçı İlon Mask Rusiya Federasiyasına qarşı mübarizə aparan Ukraynaya dəstək ifadə etmişdi. O, sosial şəbəkədə "Ukrayna, möhkəm dayan!" yazmışdı.
Növbəti tvitində Mask “bunu istəməyən (Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutur – red.) Rusiya xalqına” başsağlığı vermişdi.