Putinlə ilk görüşümüzdə aydın şəkildə dedi ki... - Mişa
Putinin Ukraynanı ələ keçirmək niyyətində olduğunu demək olar ki, iyirmi il əvvəl açıq şəkildə bəyan etmişdim.
Hurriyyet.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Britaniyanın “Tayms” qəzetinə yazdığı məktubunda deyib.
Qəzet qeyd edib ki, Qərb Putinin ərazi ambisiyalarına məhəl qoymayıb, baxmayaraq ki, bu barədə ona dəfələrlə, o cümlədən Saakaşvilinin özü tərəfindən xəbərdarlıq edilib.
Saakaşvili bildirib ki, Putinlə 2004-cü ildə Kremldə ilk dəfə görüşəndə Rusiya lideri xarici əraziləri ələ keçirmək planlarını gizlətmədiyini açıqlayıb:
“Hazırda etdiyi hər şey haqqında o, ilk görüşümüzdə mənə az-çox aydın şəkildə çatdırdı. Putinlə ilk görüşdən dərhal sonra Berlinə gedib, orada narahatlığımı o vaxtkı Almaniya kansleri Herhard Şröderə dedim. Şröder Putinlə sıx əlaqədə idi və mənim xəbərdarlığıma reaksiya vermədi. Buna görə də təəccüblü heç nə yoxdur. O, mənim dediklərimi dərhal Putinə xəbərlədi. Mən Qərbi Putinlə bağlı xəbərdar edəndə balanssız və əsəbi bir psixoloq kimi mənə məhəl qoyulmadı”.
Sabiq prezident onu da qeyd edib ki, “Gürcü Arzusu”nu quran və Gürcüstan hökumətində böyük nüfuza malik olan iş adamı Bidzina İvanişvilinin Putinə borcu var. Məktubunda Saakaşvili bu iddiaya sübut təqdim etməyib.
Britaniya qəzeti vurğulayır ki, Şröder indi Rusiya prezidenti ilə yaxın şəxsi münasibətlərdədir. O vaxtkı alman lideri Baltik dənizinin dibi ilə “Şimal axını” qaz kəmərlərinin tikintisinə təkan verən əsas hərəkətverici qüvvələrdən biri idi. Müharibənin ilk günlərində Şröder Rusiyanın Ukraynaya hücumunu pisləsə də, Moskva ilə əlaqələrini davam etdirməyi dayandırmadı.
Gürcüstanın eks-prezidentinin məktubu gizli şəkildə xəstəxanadan çıxarılıb.