"Qadağa götürüldü, bizə bu qədər bəsdir!" - Neft zavodlarına zərbələr bərpa olunur
Ukrayna Prezidenti Volodimir Zelenski "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ-nin xahişi ilə Rusiyanın neft emalı zavodlarına (NEZ) qarşı zərbələrə verilən üçgünlük fasilə başa çatıb və Ukrayna qüvvələri həmin obyektlərə hücumları yenidən bərpa edəcək.
Müsahibəsində sərt mövqe nümayiş etdirən Ukrayna lideri qısa və birmənalı şəkildə bildirib: "Zəmanət və qadağa götürüldü. Bizə bu qədər bəsdir".
Zelenski bu qərarı Rusiyanın əldə olunan razılaşmalara məhəl qoymaması və ölkənin enerji infrastrukturuna hücumları davam etdirməsi ilə izah edib. Onun sözlərinə görə, təkcə son bir həftə ərzində rusların həyata keçirdiyi hücumlar nəticəsində 100-dən çox dinc sakin həlak olub.
Ukrayna Prezidenti təsdiqləyib ki, Vaşinqton tərəfi Rusiyanın neft zavodlarına zərbələrin davam edəcəyi təqdirdə Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracağı ilə hədələmişdi. Lakin Vaşinqtonun bu xahişinə əməl olunmasına baxmayaraq, Kiyev yenə də ABŞ-dən ballistik raket hücumları ilə bağlı xəbərdarlıqlar almağı dayandırıb. Bundan əlavə, Kiyevdə "Starlink" peyk rabitəsi terminallarının işində süni məhdudiyyətlər yaradılıb. Zelenski bu problemin texniki səbəblərlə izah edilməsini qəti şəkildə rədd edib:
"Bu, texniki problem deyil idi, bu, siyasi qərar idi".
Zelenski qeyd edib ki, Ukrayna tərəfi əslində kompromisə hazır olub. Kiyev Rusiyanın enerji obyektlərinə zərbələrdən imtina etmək müqabilində ABŞ-dən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə raket tədarükünü tələb edib. Lakin bu minimum şərt Vaşinqton tərəfindən tam qarşılanmayıb.
Xatırladaq ki, oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın qarşılıqlı olaraq enerji infrastrukturuna zərbələri dayandırmaq barədə razılığa gəldiyini bəyan etmişdi. Zelenski də öz növbəsində hərbçilərə müvafiq əmrlər verdiyini təsdiqləmişdi.
Lakin bu razılaşma cəmi bir neçə gün davam edib. Oktyabrın 14-də Rusiya qoşunlarının Kiyevə kütləvi zərbələr endirməsi nəticəsində 3 nəfər həlak olub, 20-dən çox insan yaralanıb və paytaxtın bir hissəsi işıqsız qalıb. Rusiya Müdafiə Nazirliyi isə paytaxtın enerji və kommunikasiya infrastrukturunu hədəf aldıqlarını rəsmən təsdiqləyib.
Rusiyanın bu hücumlarından sonra Kiyev verilən üçgünlük fasilənin və birtərəfli təmkin nümayiş etdirməyin mənasız olduğunu qərara alaraq neft zavodlarına hücumları bərpa etmək qərarına gəlib.