“Qafqaz Hotel”dən televizor oğurladı, 2 həftə sonra gətirib yerinə qoydu
Qəbələdə yerləşən “Qafqaz Termal Hotel Spa”dan oğurluq edilib.
Hurriyyet.az xəbər verir ki, hadisəni 17 yaşlı A.Quliyev (şərti) törədib. Belə ki, o, bu il yanvarın 16-da otelə pəncərəni sökməklə otelə daxil olub. 150 manat dəyərində televizoru oğurlayıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, A.Quliyevin evi otelə yaxın olub. Gecə 2-də oyanaraq qonşularının bağ sahəsi ilə otelin həyətinə, sonra otağa daxil olub. Qiymətli əşya tapa bilmədiyindən divardan asılmış televizoru söküb çıxarıb. Evə gəldikdən sonra televizoru tövlədə otluqların içərisində gizlədib. Lakin bir neçə gün sonra onu polis şöbəsinə izahat verməsi üçün çağırıblar. Bundan sonra o televizoru yerinə qoymaq qərarına gəlib. Yanvarın 30-da yenidən otelə gəlib televizoru oğurladığı otağın qarşısına qoyaraq oradan uzaqlaşıb. Sonradan onu Qəbələ RPŞ-yə dəvət edən zaman televizorun üzərində onun əl izləri çıxıb və X.Quliyev əməlini etiraf edib.
Otel rəhbərliyi təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. Məhkəmə bunu və şəxsin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Belə ki, X.Quliyev bu müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini, digər saatlarda isə Qəbələ rayonunu tərk etməməlidir. Üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.