Qalib dünya azərbaycanlıları: müharibə qurtarıb - bəs diaspor savaşı?
Bu təqvimin indi özəlliyi torpaqları azad edilən dünya azərbaycanlılarının həmrəyliyi günü olmasıdır; Elşad Musayev: “Dövlət onlarla işləməlidir ki, diasporumuz güclənsin”
31 dekabr hər il Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Lakin bu ilki təqvimin özəlliyi torpaqları işğaldan azad edilən dünya azərbaycanlılarının həmrəyliyi günü olmasıdır. 2020-ci ilin bu tarixində biz müharibədən yeni çıxmış, şəhidlər vermiş, qələbənin eyforiyasında baş verənləri tam dərk etməmiş bir xalq idik.
2021-ci il isə hərb meydanında əldə edilən zəfərin diplomatik masada davam etdirilməsi kimi yadda qaldı və bir addım da bu istiqamətdə geri çəkilmədik, əksinə, bütün platformalarda - Soçi, Brüssel görüşləri, BMT Ədalət Məhkəməsinin qərarı, Gorus-Qafan yolunda post qurulması, nəqliyyat yollarının bərpasına tam razılıq əldə olunması ilə üstünlüyümüzü gücləndirdik. Bu, 44 günlük müharibənin nəticələrinin danışıqlar masasında da davam etdirilməsi, Azərbaycanın əlinin gücləndirilməsi idi. Ona görə də bu təqvimi artıq qalib dünya azərbaycanlılarının həmrəyliyi günü adlandırmaq lazımdır. Çünki Qarabağda zəfər dünyada yaşayan bütün azərbaycanlıların qələbəsi idi: istər İrandakı soydaşlarımız, istər okeanın o başında məskunlaşan həmvətənlərimiz, hər kəs erməni faşizminin başının əzilməsinə sevindi, yumruq kimi bir oldu. Amma heç də bu qələbədən arxayınlaşmaq, əl-qolumuzu sallamaq olmaz. Ermənistan beynəlxalq müstəvidə yenə də cığallığından geri qalmır, erməni diasporu və lobbisi öz işinin başındadır, Qərb təşkilatlarında, ABŞ Konqresində ələ aldıqları siyasətçilərin əli ilə əleyhimizə qətnamələr çıxarmağa çalışırlar. Eyni zamanda Fransa kimi dövlət aşkar şəkildə Ermənistanı müdafiə edir, ayrı-ayrı siyasətçiləri ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir, ermənilər özlərini sanki müharibədə təcavüzə məruz qalmış tərəf kimi qələməyə verməyə çalışırlar. O baxımdan dünya azərbaycanlıları bundan sonra da həmrəy olmalı, təbliğat istiqamətində iş aparmalıdırlar. Bunun üçün hansı yeni layihələr həyata keçirməliyik? Axı müharibə başa çatsa da, diplomatik savaş bitməyib?!

Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri (BAP) Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər diasporanın köməyi ilə informasiya sahəsində üstünlük qazanmışdılar: “Dünyanı inandırırdılar ki, onları incidirlər. Bu müddətdə biz təşkilatlanmamışdıq. Son illər Azərbaycan diaspor quruculuğunda müəyyən addımlar atıb, amma bu da yetərli deyil, daha geniş miqyasda işlər görülməlidir. İlk növbədə dünya azərbaycanlılarının ana vətənlə əlaqəsi olmalıdır, daha da sıxlaşmalıdır, ikincisi, təşkilatlanma güclənməlidir. Biz diaspor işimizi yaxşılaşdırmaq, həmrəylik istəyiriksə, təşkilatlanmanı davam etdirməliyik”.
Partiya sədri təəssüf edir ki, bir sıra ölkələrdə azərbaycanlılar siyasi proseslərdən kənarda qalıblar: “Onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərməlidirlər, Azərbaycan həqiqətlərini həmin ölkələrin insanlarına çatdırmalıdırlar, Qarabağ, ermənilərin işğalçı siyasəti barədə dürüst məlumat verməlidirlər, bir sıra platformalarda haqq səsimizi ucaltmalıdırlar. Eyni zamanda bu yöndə dövlət iş aparmalıdır, dünya azərbaycanlıları ilə işləməli, onlara dəstək verməlidir ki, diasporumuz güclənsin”.
E.Musayev hesab edir ki, bununla yanaşı, son dövrlər sosial şəbəkələrdə azərbaycanlılar informasiya müharibəsində xeyli üstünlük qazanıb: “Bu irəliləyiş hiss olunur. Bizim insanlar ermənilərin dezinformasiyalarını susdura bilirlər, sosial mediada cavablarını verirlər, hər hansı hadisə baş verəndə kampaniya başladırlar. Bu da ondan irəli gəlir ki, qələbə azərbaycanlılara ruh verib və fəallaşdırıb, hər kəs indi töhfə verməyə çalışır. Ümumiyyətlə, məğlub tərəf həmişə çəkingən olur. Ermənilərin 100 illik diaspor mifi də sabun köpüyünə çevrilib, sadəcə, əməllərindən geri qalmırlar. İndi dünyanın hər yerində azərbaycanlılar ölkəmizin mənafeyini qoruyan çıxışları davam etdirməlidirlər və bu proses dövlətlə həmahəng həyata keçirilməlidir”.
Qeyd edək ki, artıq ötən həftədən etibarən Polşab Macarıstan, Qırğızıstan, Ukrayna, ABŞ-ın Şimali Karolina ştatı və digər ölkələrdə dünya azərbaycanlılarının həmrəyliyi günü qeyd olunmağa başlanıb. Bu tarixin yaranması da təsadüfi deyil. Xalq hərəkatının genişlənməsi nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.