Qalib ölkənin məğlub idmanı
Olimpiya yığmamızın Tokioda 7-8 medal qazanacağını yarışdan öncə yazmışdım. Elə yerli mətbuata açıqlamamda da eyni rəqəmi səsləndirmişdim. Təbii ki, nə Nostradamus, nə də Vanqa ilə qohumluğum var. Bir az təhlil qabiliyyətini işə saldınsa, bəs edir. Bunun üçün əziyyətə qatlaşıb olimpiya tsiklinə, yəni son 5 ilə sığan nəticələrə baxmaq, imançıların çıxışını saf-çürük etmək lazımdı. Maraqlıdı ki, Olimpiada ərəfəsində qarşıma çıxan bir araşdırma yazısında da yığmamızın məhz yuxarıda qeyd etdiyim sayda medal qazanacağı proqnozlaşdırılmışdı.
Əslində məni qazanılan medalların sayı və əyarı narahat etmir. Son günlərdə 1-2 “qızıl” əldə olunsaydı belə, bu, ümumi mənzərəni, Azərbaycan idmanının solğun simasını və azalan çəkisini dəyişməyəcəkdi. Ən yaxşı halda sıralamada 10-15 pillə yüksələcəkdik. Bəs sonra? Axı problemin kökü daha dərindədi. Bir deyil, iki deyil, beş deyil. Hansından danışasan? Saymaqla qurtarmaq olmur. Yenə də bu fiaskonu şərtləndirən ən vacib məqamlara birgə boylanaq, idmanımızı uçurumun həndəvərinə gətirən yola birlikdə işıq salaq.
Olimpiadada fəxri kürsüyə yüksələnlər son illərdə bir qayda olaraq medal qazananlardı. Təmsil etdikləri federasiyaları ayaqda saxlayanlar, rəsmilərin üzünü güldürənlər. O rəsmilərin ki, ehtiyat qüvvə yetişdirməyiblər. Hacı Əliyev, Rafael Ağayev və başqa liderlərin əbədi olmadığının fərqinə varmayıblar. Axı bunun sabahı da var. Primitiv və yanlış siyasəntin nəticəsi kimi də idmanımızın gələcəyi puç olub. İkinci Hacımız, Rafaelimiz yoxdu, yetişdiriməmişik, yetişdirə bilməmişik. Adı çəkilənlərin davamlı uğurları cavabdeh şəxslər üçün yetərli olub, onların gözlərini qamaşdırıb. Adamlar bu günlə yaşayıblar, sabah haqda düşünmək üçün özlərinə əziyyət verməyiblər. Amma danışanda ağızlarına çullu dovşan sığmır. “Azərbaycan idman ölkəsidi”, - deyə haray çəkirlər. Məhv etdiz hər şeyi, olan-qalanımızı da itirdik. Hacılar, Rafaellər karyeralarını bu gün-sabah bitirəcəklər. Sonra nə edəcəksiz, onları layiqincə əvəzləmək üçün kim var ehtiyatınızda? Kimlərin qazandığı medalların parıltısından feyziyab olacaqsız?
Vətənimizin az qala hər məhəlləsində Olimpiya İdman Kompleksləri tikilib. Dövlət bu addımı ona görə atıb ki, ölkədə idmanın kütləviliyi təmin olunsun, azərbaycanlı cocuqlar sağlam ruhda böyüsün. Kütləvilik həm də rəqabət, ehtiyat qüvvə deməkdi, Amma gəlin baxaq, görək həmin komplekslər təyinatı üzrə fəaliyyət göstərirmi? Kasıb balaları orda idmanla məşğul ola bilirmi? Qısa araşdırma aparsan, sayı 50-yə çatan qurğuların böyük əksəriyyətinin kimlərinsə gəlir mənbəyinə çevrildiyini görərsən...
İnkişaf, nəticələrin yaxşılaşmasını istəyiriksə, idmanımıza baxış bucağı kökündən dəyişməlidi. Azərbaycan idmanı yenilənməlidi. Əksər idman növləri üzrə keçirilən ölkə çempionatlarında reqlamentə əməl olunmalıdı. Daxili yarışa qatılmaq hamının ümdə vəzifəsi, borcu olmalıdı. Bizdə necədi? Yığmanın liderləri əli cibində kənarda dayanır, qan-tər içində çempionluq uğrunda savaşanları süzür. Xeyir ola, kim verib bu hüququ onlara? Sən Azərbaycanda ən güclü olduğunu mübarizə meydanında sübut etmirsənsə, hansı haqla ölkəni xaricdə təmsil etmək missiyasına yiyələnirsən? Nəyə görə əziyyətlə 1-ci olanın haqqı yeyilməlidi? Buna nəzarət etmək, bu məsələni yoluna qoymaq üçün BMT-yə müraciət olunmalıdı? Axı nəyi pisdi titullu idmançıların gənclərlə üz-üzə gəlməsi? Şübhə etmirəm ki, onlar elə bu arzu ilə yaşayırlar. Məsələn, Hacı Əliyevlə qurşaq tutmaq, ona qalib gəlməyin xəyalını qururlar. Qalib gəlməsələr belə, onunla bir xalçanı bölüşməyin, rəqib kimi təcrübəsindən, bacarığından yararlanmağın kimə nə ziyanı var?
Azərbaycan idmanının ən böyük bəlalarından biri də israfçılıqdı. İllərdi boşuna milyonlar xərclənir. Nədi-nədi, Olimpiadada təmsilçilərimizin sayı çox olsun. Kəmiyyət düşkünləri bununla həm də, təbii ki, ciblərini doldururlar. Azərbaycan bizə yad idman növlərində təmsil olunmasa, guya dünya dağılacaq? Nə itirəcəyik axı bundan? Nəyə lazımdı onların hazırlıq prosesini, beynəlxalq turnirlərə səfərlərini maliyyələşdirmək, gündəlik xərcələrini qarşılamaq, böyük məbləğdə maaş ayırmaq? Öz ölkələrinə lazım olmayan 5-6-cı dərəcəli legionerlər Azərbaycan idmanına ancaq ziyan vurur. Onların biabırçı çıxışını izləməkdənsə, Olimpiadada təmsil olunmayaq. Problem deyil, iki-üç tsikli buraxaq. Amma bu müddətdə özümüzküləri yetişdirək, sevgini, maliyyəni azərbaycanlı balalarına ayıraq. Necə deyərlər, Allaha da xoş gedər, bəndəyə də.
Ümumiyyətıə, əsas diqqət və maliyyə ənənəvi idman növlərinə yönəlməlidi. Güləş, cüdo, boks, karate və taekvondo daim ön planda olmalıdı. Özü də hər çəkidə rəqabət yaradılmalı, 2-3 yüksək səviyyəli idmançı yer almalıdı. Çox uzağa getməyib Rusiyaya baxaq. Adamlar hər Olimpiadada güləşdə torba-torba medal qazanırlar. Biz niyə bunu etməyək? Axı döyüş növləri bu millətin qanında, canında var. Hazırlıq keçmək üçün də nə qədər istəsən Olimpiya İdman Kompleksi! Vallah, çətin missiya deyil, böyük maliyyə də tələb etmir. Məqsədyönlü iş, peşəkar yanaşma və sevgi lazımdı. Boşuna xərclənən pulları bu sahəyə yönəltmək bəs edir. Əlbəttə, qalan idman növlərinin kökünə balta vurmağı təklif etmirəm. Hamısının yaşamaq və inkişaf etmək haqqıdı. Sadəcə, qazanc (medal) gətirən sahə birmənalı şəkildə prioritet olmalıdı. Dəyişib inkişaf etmək istəyiriksə, işə bu gündən başlamalı, sistem dəyişikliyinə getməkdən çəkinməməliyik. “Azərbaycan idman ölkəsidi” deyimini həyata qaytarmaq atacağımız qətiyyətli addımlardan asılıdı. Qalib ölkənin məğlub idmanı “refresh” olunacağı günü gözləyir...
(1).jpg)
KƏNAN HƏSƏNOV