📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qalmaqallı iş apellyasiya mərhələsində - Qeydə alınmayan 282 min manatlıq ödənişlə bağlı hansı qərar veriləcək?

2022-07-12 15:30:00

Qalmaqallı iş apellyasiya mərhələsində - Qeydə alınmayan 282 min manatlıq ödənişlə bağlı hansı qərar veriləcək?

Vəkillər Kollegiyasının üzvü, vəkil Bəhruz Bayramovun ədliyyə naziri Fikrət Məmmədova müraciət etdiyi işlə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, işə iyulun 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, mayın 24-də Səbail rayon Məhkəməsində Bəhruz Bayramovun verdiyi şikayətə baxılıb və onun iddiası təmin olunub. Qarşı tərəf isə bu qərardan apellyasiya şikayəti verib. Qeyd edək ki, əks tərəfi məhkəmədə Bakı Hüquq Mərkəzinin nümayəndəsi təmsil edəcək.

İşin mahiyyətinə gəlincə, Bəhruz Bayramov bildirib ki, müvəkkili N.H-nın ödədiyi 282 min 630 manat vəsait Səbail Rayon İcra şöbəsinin icra məmuru Aslanov Aslan Fuad oğlu tərəfindən qeydə alınmayıb.

Onun sözlərinə görə, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, 23.08.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borcluya məxsus Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi ev 99-da yerləşən 114 kv.m qeyri yaşayış sahəsi borcun qismən ödənilməsi hesabına tələbkara verilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına rəsmiləşdirilməli idi.

Bəhruz Bayramov üzləşdiyi bu qanunsuzluqla bağlı Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətdə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq Səbail Rayon İcra Şöbəsində icra işində iştirak edib.

"17.03.2018-ci il tarixdə Səbail İcra Şöbəsi icraata başladıqdan sonra icra məmurunun razılığı ilə tələbkarın bank hesabına ödənişlər edilib. Ödənişlər 21.04.2018-11.07.2019-cu il tarixləri əhatə edib. Ödənilən məbləğin qəbzləri rəsmi qaydada icra məmuruna təqdim olunaraq və qəbul olunub. Nümayəndəsi olduğum şəxsin tələbkar qarşısında hər hansı başqa öhdəlik, pul vəsaitinin ödənilməsinə dair icra sənədləri olmayıb. Ödənilən 282.630 manat pul vəsaitini Səbail Rayon İcra məmuru hesaba almır, həmin vəsaitin təqdim olunan qəbzlərinə hər hansı münasibət bildirilmir. İcra məmuru qərarı vəsaitləri borclunun daşınmaz əmlaklarına yönəldir", - deyə vəkil vurğulayıb.

"AzPolitika.info"