“QARA CÜMƏ”də ALICILARI NECƏ ALDADIRLAR? – Ekspert AÇIQLADI
Noyabr ayında keçirilən genişmiqyaslı endirim kampaniyaları ticarət sektorunda rəqabəti gücləndirməklə yanaşı, alıcıların alış-veriş vərdişlərinə də təsir göstərir. Bu dövrdə mağazalar müştəri cəlb etmək üçün müxtəlif qiymət təklifləri və reklam üsullarından istifadə edir, istehlakçılar isə bəzən əvvəlcədən planlaşdırmadıqları məhsulları almağa üstünlük verirlər. Belə kampaniyalar ticarət dövriyyəsini artırsa da, endirimlərin real iqtisadi faydası və qiymət siyasətinin şəffaflığı məsələsi aktuallığını qoruyur.
“Qara cümə” kampaniyaları istehlakçıların alış qərarlarına və xərcləmə vərdişlərinə necə təsir edir? Endirim adı altında təqdim olunan qiymət təkliflərinin həqiqiliyinə nəzarət hansı mexanizmlərlə təmin edilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, “Qara cümə” kimi genişmiqyaslı endirim kampaniyaları artıq yalnız satışların artırılması vasitəsi deyil, həm də istehlakçı davranışına təsir edən ciddi marketinq alətinə çevrilib.
Onun sözlərinə görə, bu dövrdə mağazalar məhdud müddətli kampaniyalar, faizlə ifadə olunan endirimlər, “son gün”, “məhdud sayda” və “yalnız bu gün” kimi mesajlardan istifadə etməklə alıcını daha sürətli qərar verməyə sövq edirlər: “Burada əsas məqam ondan ibarətdir ki, istehlakçı normal şəraitdə almayacağı məhsulu endirim gördükdə daha sərfəli alış kimi qəbul edə bilər. Yəni endirim faktiki olaraq istehlakçının tələbini deyil, alış qərarının vaxtını və impulsivliyini dəyişə bilər. Nəticədə əvvəlcədən planlaşdırılmayan xərclər artır. Digər tərəfdən, “Qara cümə” kampaniyalarının müsbət iqtisadi tərəfi də var. Rəqabətin güclənməsi mağazaları daha əlverişli qiymətlər təqdim etməyə, stokları sürətlə dövriyyəyə buraxmağa və müştəri bazasını genişləndirməyə məcbur edir. İstehlakçı üçün isə həqiqi endirim olduğu halda, xüsusilə yüksək məbləğli məhsullarda əhəmiyyətli qənaət imkanı yarana bilər.
Əsas problem “endirim” həqiqətən endirimdirmi? İstehlakçı üçün əsas məsələ “50% endirim” yazısının olması deyil, həmin 50 faizin hansı qiymətdən hesablanmasıdır. Məsələn, bir məhsulun kampaniyadan əvvəlki real satış qiyməti 1 000 manat olubsa və “30% endirim” tətbiq edilirsə, məhsulun yeni qiyməti 700 manat olmalıdır. Lakin məhsulun əvvəlki qiyməti qısa müddət ərzində 1 000 manata qaldırılıb, daha sonra “30% endirim” adı ilə 700 manata satılırsa, istehlakçı faktiki olaraq 300 manat qənaət etmiş olmur. Burada endirim görüntüsü yaradılsa da, real iqtisadi fayda başqa məsələdir”.
Ekspert qeyd edib ki, endirim kampaniyalarının şəffaflığını təmin etmək üçün yalnız reklamda göstərilən son qiymətə deyil, məhsulun əvvəlki qiymət tarixçəsinə də nəzarət edilməlidir: "Bunun üçün bir neçə mexanizm daha effektiv ola bilər:
-endirimdən əvvəlki qiymətin müəyyən müddət ərzində tətbiq olunmuş real satış qiyməti ilə müqayisəsi;
-onlayn platformalarda məhsulun qiymət dəyişikliklərinin istehlakçıya göstərilməsi;
-istehlakçıların qiymətləri müqayisə edə biləcəyi rəqəmsal alətlərin inkişaf etdirilməsi;
Nəticə etibarilə, “Qara cümə” kampaniyalarının özü problem deyil. Əksinə, düzgün təşkil olunduqda rəqabəti artırır və istehlakçıya real qənaət imkanı yaradır. Problem endirim mexanizminin istehlakçını yanıltmaq üçün istifadə edilməsidir. İstehlakçı üçün ən düzgün yanaşma isə endirim faizinə deyil, məhsulun son qiymətinə və həmin məhsulun əvvəlki qiymət dinamikasına baxmaqdır. Çünki “50% endirim” yazılması hələ 50% qənaət edildiyi anlamına gəlmir”.