“Qara dəniz NATO dənizi olmalıdır” – Ukrayna
Hurriyyet.az “Anaolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Buxarestdə Beynəlxalq Krım platformasının ilk təhlükəsizlik konfransında çıxış edib.
Kuleba deyib: “Qara dənizi də Baltik dənizi kimi NATO dənizinə çevirmək vaxtı çatıb”.
Onun sözlərinə görə, NATO-nun Vilnüsdə keçiriləcək növbəti sammitində Ukraynanın Şimali Atlantika alyansında üzv olması yolunda hökmən qəti addımlar atılmalıdır.
Kuleba deyib: “Müharibə regionun təhlükəsizliyinin bölünməz olduğunu isbat etdi. Bir ölkəyə olan təhdid – hər kəsə qarşı təhdiddir. İndi dünyaya bəlli oldu ki, qorxu – strategiya deyil və regiondakı bütün ölkələrin təhlükəsizliyi üçün tam əhatəli şəbəkə hazırlamaq zəruridir”.
Kuleba Rusiyanın həmişə Qərbin tərəddüdlərindən faydalandığını bildirib: “Qorxudan yaranan ehtiyatlılıq səbəbindən NATO-nun qapıları Ukrayna ilə Gürcüstanın üzünə qapadıldığı zaman – 2008-ci ildə Rusiya Federasiyası hər iki ölkəyə hücum eləməklə dərhal reaksiya verdi. RF manyaka çevrilirdi, lakin o zaman bəzi liderlər qərara aldılar ki, manyakın xoşbəxt olması ən yaxşı strategiyadır. Bu strategiya manyakın potensial qurbanlarını silahsız qoyur”.
Hürr Tərcüman