📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qara dənizdə gəmi faciəsi - Bakı nə edəcək?

2026-10-07 11:26:37

Qara dənizdə gəmi faciəsi - Bakı nə edəcək?

Rusiya-Ukrayna müharibəsində Qara dənizdə mülki gəmiçiliyə qarşı yeni zərbə Azərbaycanı da hadisənin birbaşa tərəfinə çevirib. Ukrayna prezidenti Vladimir Zelenski Qara dənizdə qarğıdalı daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” yük gəmisinin iki Rusiya PUA-sının hücumuna məruz qaldığını açıqlayıb. Gəminin heyətində Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

Hadisənin ardından Azərbaycan Xarici İşlər Nazirliyi daha ağır məlumat yayıb. XİN-in açıqlamasına görə, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rüstəm Həsənov həlak olub, digər vətəndaşımız Məhəmməd Süleymanzadə isə itkin düşüb. Digər azərbaycanlı heyət üzvləri xilas edilib, onlardan üçü xəstəxanaya yerləşdirilib. Azərbaycan tərəfi məsələ ilə bağlı diplomatik nümayəndəliklər və aidiyyəti ölkələrin qurumları ilə koordinasiya aparır.

Bakı Rusiya tərəfinin hadisəyə münasibətini və zərbənin səbəblərini necə qiymətləndirəcək? Azərbaycan vətəndaşının həlak olması Bakı-Moskva münasibətlərində yeni diplomatik sınağa çevrilə bilərmi?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a açıqlamasında bunun sıradan bir hadisə olmadığını söylədi: "Ölən kapitan, itkin düşən gənc dənizçi və yanıb batan gəmi mülki həyata və dinc ticarətə vurulmuş zərbənin nəticəsidir. Silahsız insanların işlədiyi, taxıl daşıyan bir gəmi heç bir hərbi məntiqlə hədəf sayıla bilməz. Bu cür hücumu qəti şəkildə pisləyirəm. XİN hadisədən dərhal sonra diplomatik nümayəndəliklər və aidiyyəti ölkələrin qurumları ilə əlaqəni gücləndirib. Zərərçəkənlərə tibbi və konsulluq yardımı göstərilir, həlak olanın nəşinin vətənə gətirilməsi üçün tədbirlər görülür. Eyni zamanda nazirlik vətəndaşlara münaqişə zonalarına və yüksək risk daşıyan dəniz marşrutlarına getməmək barədə xəbərdarlığını yenidən təkrarlayıb.

Bəziləri bu ölçülü tonu zəiflik kimi şərh edə bilər. Əslində isə bu, güc və sabitlik göstəricisidir. Dövlət emosiyaya qapılıb tələsik ittihamlar səsləndirmir, faktları dəqiqləşdirməyə üstünlük verir. Amma vətəndaşının haqqını da heç vaxt unutmur. Azərbaycan Rusiya-Ukrayna müharibəsində heç bir tərəfin mülki şəxslərə qarşı zorakılığını əsaslandırmır. Mövqeyi prinsipial və seçici deyil. mülki insan kim tərəfindən hədəf alınırsa-alınsın, bu, qəbuledilməzdir".

Deputat bir xatırlatma da etdi: "İyunun 5-də Azov dənizində iki yük gəmisinə edilən hücumda beş azərbaycanlı dənizçi həyatını itirmişdi. İndi, dörd ay sonra, yenə Azərbaycan vətəndaşı həlak olub. Bu, təsadüf adlandırıla bilməz. Dənizçilər münaqişənin ən müdafiəsiz qurbanlarına çevrilib, Qara dəniz və Azov dənizi regionunda mülki gəmiçilik isə getdikcə təhlükəli sahəyə dönüb. Beynəlxalq Dəniz Təşkilatının rəhbərliyi də bu bölgədə mülki gəmilərə qarşı hücumların yenidən artmasından narahatlığını bildirib. Belə hadisələrdən sonra çox vaxt başsağlığı bəyanatları ilə kifayətlənilir. Bu, kifayət deyil. Həyatını itirən kapitan Rüstəm Həsənovun və itkin düşən Məhəmməd Süleymanzadənin ailələri əsas dayaqlarından məhrum olub. Beynəlxalq hüququn əsas prinsiplərindən biri budur ki, hüquqazidd əmələ görə məsuliyyət daşıyan tərəf vurulmuş zərəri bərpa etməlidir. Mülki gəminin hədəfə alınması, heyət üzvlərinin həlak olması və ya yaralanması da bu prinsipin əhatəsindədir. Münaqişədə iştirak edən bütün tərəflər mülki gəmilərə, onların heyətlərinə və dinc yükdaşımalara qarşı hücumlardan dərhal çəkinməlidir. Beynəlxalq dəniz hüququ və humanitar hüququn tələbləri hamı üçün eyni dərəcədə məcburidir. Hadisələr şəffaf araşdırılmalı, məsuliyyət daşıyan tərəf qərəzsiz müəyyən edilməli, zərərçəkənlərə ədalətli kompensasiya təmin olunmalıdır".

N.Həmzəyev fikirlərini bu cür tamamladı: "Azərbaycan bu məsələni Türkiyə, Rumıniya və digər maraqlı tərəflərlə birgə, diplomatik kanallar və beynəlxalq platformalar vasitəsilə qaldırmağa, dənizçilərin təhlükəsizliyini təmin edəcək kollektiv addımlara dəstək verməyə hazırdır. Vətəndaşının həyatı, ləyaqəti və hüququ Bakı üçün hər zaman prioritet olaraq qalacaq.

Dənizçilər çətin işlərinə görə ən azı təhlükəsizlik haqqı qazanır. Onların canı müharibənin yan təsiri sayıla bilməz. Həyat itirilibsə, məsuliyyət də olmalı, itkinin ağırlığını daşıyan ailələrə isə ədalət təmin edilməlidir".